29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tarixçi: "Təpəbaşı məhəlləsindəki abidələr, əsasən müsəlman abidələridir"

07.07.2022

"İrəvan şəhəri Azərbaycan türklərinin inşa etdiyi tarixi şəhərlərimizdən biridir: Şəhərin əsasının Səfəvilər dövründə Rəvanqulu xan tərəfindən qoyulduğu müxtəlif mənbələrdə, xüsusən də Övliya Çələbinin əsərlərində qeyd olunur. Oradakı qala və yaşayış divarları həm Səfəvilər, həm Osmanlılar tərəfindən İrəvan xanlığı dövründə tikilib".

Bu sözləri "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib.

Onun sözlərinə görə, bu tikintilərin hər birinin həm sifarişçisi, həm sərmayəçisi, həm də memarları Azərbaycan türkləri olublar:

"Onların üzərində olan məlumatlar bu günə qədər qalmaqdadır. Azərbaycan türkləri "obalar konfederasiyası” əsasında dövlət sistemləri qurublar. Bunların içərisində müxtəlif obaların həmin bölgədə yerləşdiyini görürük. İstər Qaraqoyunlu, istər Qacarlar, istərsə də, digər xeyli sayda türk xalqları həmin ərazidə yerləşiblər. Baxmayaraq ki, Azərbaycan türkləri, ayrı-ayrı dövlətlərin tərkibindədir, ancaq vahid Azərbaycanın özünəməxsusluğunu daşıyırlar. Ona görə də, araşdırmaçılar İrəvan şəhərindəki məhəllələrə baxanda həmin məqamı nəzərə almalıdır”.

Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, memarlıq baxımından İrəvandakı, xüsusən də Təpəbaşı məhəlləsindəki abidələr, əsasən müsəlman abidələridir:

"Bunlara məscidlər, hamamlar daxildir və onların müəllifi müsəlman sənətkarlardır. Çünki onların adları və kitabələri bizə bunları deməyə icazə verir. Ətraf ərazidə olan qəbiristanlıqlar, mədrəsələr, yaşayış evlərinin, kimlər, yəni hansı xanlar tərəfindən tikildiyi onların müsəlman memarlığına aid olduğunu göstərir. Düzdür, o abidələr indi pis vəziyyətdədir, onların qorunması təşkil olunmayıb və bunların hamısı mədəni irs problemidir. Çünki, İrəvan şəhərinin qədim hissəsi həm də ümumdünya mədəni irsidir. Bu baxımdan memarlıq irsinin və kimliyinin qorunmasına ehtiyac var".



F.Xəlilli vurğulayıb ki, UNESCO bu abidələrin təhlükə altında olduğunu nəzərə alaraq onun mühafizə olunmasına çağırış edə bilər:

"Bu, əsaslandırılmış şəkildə olmalıdır. Sonuncu nəşr həmin imkanları bizə tanıyır, amma mən düşünürəm ki, burada üç məsələyə xüsusilə diqqətlə yanaşılmalıdır. Bunun birincisi odur ki, həmin abidələrin təhlükədə olduqlarını dünya QHT-ləri tərəfindən qəbul edilməsinə çalışmalıyıq. Dünya Abidələri Fondunun iki ildən bir keçirilən "Təhlükə altında olan dünya irsi” ilə bağlı nominasiyası olur. Məsələn, ilk olaraq biz ora sənəd hazırlaya bilərik. İkincisi, həm Səfəvilər, həm Osmanlılar tərəfindən bu şəhərin əsasının qoyulması, buradakı memarlıq abidələrinin onlar, yəni Türkiyə tərəfindən tanınmasına da çalışmaq lazımdır. Ola bilər ki, Azərbaycan təkcə özü deyil, Türkiyə ilə birgə Dünya Abidələri Fonduna və ya UNESCO-ya müraciət edə bilər. Bunlar əsas məqamlardır. Çünki UNESCO birbaşa bu məsələlərin araşdırıçısı olmaya bilər, ona görə də digər, aidiyyatı və peşəkar QHT-lərlə birgə bu işləri görmək lazımdır. Çünki qorunmasa və qarşısı alınmasa həmin abidələr olmaya bilər. Ona görə ki, Ermənistan hakimiyyəinin bugünkü tendensiyasını, oranın yox edilməsi ilə bağlı götürdüyü vəzifəni biz açıq şəkildə görürük. Buna görə də bunun qarşısı Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən alınmalıdır”.