04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT rəsmisi: "Avropada müsəlmanlara qarşı artan ayrı-seçkiliyə qarşı mübarizə gücləndirilməlidir

08.06.2022

"Avropada yaşayan müsəlmanlara qarşı artan ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilməlidir".

Bu fikirləri müsəlmanlara qarşı ayrı-seçkilik üzrə ATƏT prezidentinin şəxsi nümayəndəsi, səfir Mehmet Paçacı bildirib.

Onun sözlərinə görə, müsəlmanlara qarşı stereotiplər inkişaf edib və ATƏT regionunda geniş vüsət alıb:

"Avropa ölkələrində müsəlmanları terrorizm və ekstremizmlə əlaqələndirmək, müsəlman icmalarının mövcudluğunu milli kimlik üçün təhlükə kimi qələmə vermək cəhdləri artıb. Müsəlman ailələrinin evlərinə, eləcə də hicablı qadınlara qarşı hücumlar baş verir, müsəlmanlara qarşı nifrət aşılamaq halları artır".

Mehmet Paçacı bildirib ki, ATƏT irqi və etnik nifrəti və müsəlmanlara qarşı nifrəti qətiyyətlə pisləyir, dövlətləri bu hadisələrin bütün formaları ilə mübarizə aparmağa çağırır:

"ATƏT-in öhdəlikləri müsəlmanlara qarşı dözümsüzlükdən bəhs edir və dövlətlər buna cavab vermək üçün konkret tədbirlər görmək öhdəlikləri götürüblər. Nazirlər Şurasının qərarları ATƏT hökumətlərini din və ya inanc əsasında dözümsüzlüyün, zorakılığın və ayrı-seçkiliyin qarşısını almağa, dini zəmində baş verən zorakılıq və ayrı-seçkiliyi pisləməyə çağırır. Bu sənədlər həmçinin terrorizm və ekstremizmin müəyyən din və ya mədəniyyətlə eyniləşdirilməsinə qəti şəkildə son qoymağa çağırır".

ATƏT rəsmisi hesab edir ki, nifrət cinayətləri, müsəlmanlara qarşı nifrət, irqçilik, ksenofobiya və ayrı-seçkiliyi anlamaq, təhlil etmək və onlarla mübarizəyə kömək etmək üçün getdikcə daha təkmil texniki vasitələrə ehtiyac var:

"2004-cü ildə Nazirlər Şurasında iştirakçı dövlətlər ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in bu sahədəki fəaliyyətini əlaqələndirmək və genişləndirmək üçün üç şəxsi nümayəndə təyin etmək səlahiyyəti verib. ATƏT-nin Tolerantlıq və Ayrı-seçkiliyə Qarşı Mübarizə Departamenti müsəlmanlara qarşı dözümsüzlüklə mübarizə üzərində fəal işləyir, dövlət və qeyri-dövlət orqanlarının işçiləri arasında maarifləndirmə işlərin aparılması və onların təlimlərə yönəldilməsi tövsiyə edir. Bu problemi həll etmək üçün "Müsəlmanlara qarşı nifrət cinayətini anlamaq və müsəlman icmalarının təhlükəsizlik ehtiyaclarının qarşılanması” mövzusunda hətta praktiki təlimat da nəşr etmişik. Bizim "Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə təhsil işçiləri üçün təlimatlarımız, islamofobiyanın təhsil vasitəsilə aradan qaldırılması kimi nəşrlərimiz də var".

Mehmet Paçacı vurğulayıb ki, dini dözümsüzlük və ayrı-seçkilik aktlarına qarşı mübarizədə əsas məsuliyyət dövlətlərin üzərinə düşür:

"Bu məqsədlə ATƏT ölkələri bu sahədəki müvafiq qanunlara riayət etməyə çağırır".