04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhəd prosesi başlayıb: Rusiya mane ola bilməyəcək

24.05.2022

Brüsseldə 5 saat davam edən üçtərəfli görüşdə müzakirə edilən məsələlərin və qərarların Rusiya təsirindən tam kənar olduğu üzə çıxdı. Nəticələrə dair verilən bəyanatda da nə Rusiyanın, nə də onun iştirakı ilə imzalanmış sənədlərin adı çəkildi.

Bu sözləri professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, AB münasibətlərin nizamlanması üçün güclü siyasi iradə ortaya qoyur və əldə edilən razılıqlar olduqca ciddi irəliləyişdir:

"Biz AB-nin danışıqların aparılması və nəticələrin monitorinqi ilə bağlı ciddi siyasi iradə nümayiş etdirdiyini görürük. Sözügedən məsələnin və iyul-avqust aylarında liderlər səviyyəsində növbəti görüşün keçiriləcəyinin bəyan edilməsi də bundan xəbər verir. Doğrudur, rəsmi Moskva müxtəlif səviyyələrdə prosesə müdaxilələr etməyə, Rusiyanın da mövqeyinin güclü olduğunu göstərməyə çalışsa da, məqsədinə nail olmadı. Brüssel görüşündə Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin bütün aspektlərinə dair ilkin razılığa gəldilər. Diqqəti çəkən əsas məqamlardan biri odur ki, müzakirələr zamanı Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin və guya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in adı belə çəkilmədi. Yəni çox incə, ölçülü-biçili diplomatik üslubda tərəflərin delimitasiyası, iki dövlət arasında, eləcə də Naxçıvanla kommunikasiya xətlərinin açılması və yekun sülh müqaviləsi üzərində çalışacaq işçi qruplarının yaradılması ilə bağlı qərarlar qəbul edilib. İlham Əliyev də danışıqların nəticələrindən məmnundur və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu haqda müzakirələr aparıb.

Artıq Ermənistanın irəliyə doğru addımlar atması, Paşinyanın delimitasiya komissiyası ilə bağlı fərmanı rəsmi İrəvanın proseslərdə maraqlı olduğunu nümayiş etdirir. Hadisələrin gedişatı bizə onu deməyə əsas verir ki, AB-nin nəzakətli vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün ehtiyatlı iş aparılır”.

Professor hazırda İrəvanda keçirilən mitinqlərin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub:

"Mən keçirilən mitinqlərin hansısa bir nəticə verəcəyini gözləmirəm. Müxalifət deyəndə indiyədək öz xalqına zülm etmiş, onun milyonlarını mənimsəmiş və haqqında cinayət işləri olan Sərkisyan, Köçəryan, Ohanyan kimi şəxslər və başqaları göz önünə gəlir. Adını çəkdiklərimiz Ermənistanda populyar deyil, onların cəmiyyət arasında reytinqi dörd faizdən yuxarı qalxmır. Üstəlik yerli ermənilər Qarabağ klanına etibar etmirlər və bu şəxslərin yenidən siyasətə qayıtmalarını istəmirlər. Prosesi bulandıran, onu ləngitmək istəyənlər isə Rusiyaya bağlı qüvvələrdir. Amma nəzərə almaq lazımdır ki, bütün dünyada, o cümlədən Cənubi Qafqazda Rusiyanın təsir gücü getdikcə zəifləyir. Bu isə o deməkdir ki, Ermənistanda müxalifət adı ilə çıxış edən qüvvələrin də gücü, imkanları zəifləyəcək. Paşinyanı erməni xalqı və güc strukturları arasında dəstəkləyənlər kifayət qədər çoxdur. Revanşistlərin nəyisə dəyişdirmək imkanına malik olduğunu düşünmürəm”.