30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada partlayışları kim törədir?

26.04.2022

Artıq bir neçə gündür ki, Rusiyanın bir sıra şəhərlərində partlayışlar, yanğınlar geniş vüsət almağa başlayıb. Ussuriyskdəki aviabazada partlayış, Belqorod, Bryansk neft bazalarında və Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğın baş verdi. Dünəndən bəri isə Rusiyanın nəzarəti altında olan Dnestryanıda ard-arda partlayışlar məsələnin ciddi olmasından xəbər verir. Rusiya xarici işlər naziri Sergey Lavrovun "nüvə müharibəsi riski” ilə bağlı dedikləri baş verənlərə görə xəbərdarlıq ola bilərmi?

Məsələ ilə bağlı amerikalı siyasi analitik Endryu Korıbkonun sözlərinə görə, Lavrovun açıqlaması formaldır.

"Bu münaqişədə nüvə silahı olan dövlətlər iştirak edir, aydındır ki, onların bir-birinə qarşı bu cür silahdan istifadə etməsi riski daha yüksəkdir. Lavrov məsələyə sırf bu baxımdan yanaşır. Lakin nüvə müharibəsi ehtimalı aşağı olaraq qalır. Rus şəhərlərində baş verənlərə gəlincə, bunu ABŞ-ın dəstəklədiyi eskalasiya kimi qiymətləndirmək lazımdır. Bu yaxınlarda ABŞ Kiyevə Rusiyanın Donbas və Krımdakı mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarını verəcəyini bəyan edib. Burada Rusiyanın tanınmış əraziləri barədə məlumatlar da ola bilər. Məhz bu səbəbdən müharibəni ABŞ və NATO-nun Ukrayna vasitəsilə Rusiya ilə savaşa girməsi kimi qiymətləndirmək lazımdır. Putin əvvəldən bu situasiyanı nəzərdə tuturdu”.

Korıbko həmçinin Rusiyanın növbəti addımları barədə də söz açıb:

"Bundan sonra Rusiya öz sərhəd müdafiəsini gücləndirmək məcburiyyətində qalacaq. Moskva hücumların qarşısını almaq üçün böyük ehtimal ki, Ukraynada hərbi əməliyyatlarını da fəallaşdıracaq. Hadisələrin ardıcıllığı göstərir ki, münaqişə iki əsas iştirakçı - Moskva ilə Kiyevin, həmçinin bilavasitə olaraq Kiyevin tərəfdaşı NATO arasında kəskinləşməkdə davam edir. Lakin nüvə müharibəsi ssenarisi hələ də mümkünsüz görünür. NATO ölkələri indiyədək publik şəkildə münaqişəyə müdaxilə etməkdən qaçıblar, hərçənd onlar Kiyevə silah göndərməkdə davam edirlər. Ukraynada Rusiya ilə NATO arasında birbaşa hərbi insident baş versə belə, apokaliptik nüvə müharibəsi az ehtimal edilir”.