28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi Bankın rəhbərliyinə gətiriləcək şəxs kimdir? - DOSYE

11.04.2022

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

"DM" Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə seçiləcək Taleh Kazımovun dosyesini təqdim edir.

O, 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.

T.Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O, əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlayıb, "ATTAS PR”, "European Tobacco” şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

T.Kazımovun "PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub

2011-ci ildən "PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya edib.

2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

O, 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olub. 2019-cu ilin aprel ayında Avropanın nüfuzlu "EMEA Finance” jurnalı tərəfindən "European Banking Awards” mükafatı çərçivəsində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə 2018-ci ilin yekunlarına görə "İlin ən yaxşı Baş icraçı direktoru” adlı mükafata layiq görülüb.

Ailəlidir, iki övladı var.