28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

06.04.2022

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini ilə görüşüb.

"DM" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında iqtisadi-ticari əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını deyib.

DGK sədri Səfər Mehdiyev "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in bu il ərzində imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcminə də toxunan Komitə sədri dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib.

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib, Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb.

Hər iki ölkə üçün qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir bu əlaqələrin, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.