06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda arabaçının 10 min vergi borcu var - Şok

05.04.2022

Yevlax rayonunun Yuxarı Bucaq kəndinin 29 yaşlı sakini Tural Əjdərlinin adına ondan xəbərsiz şirkət açılıb və həmin naməlum şirkətin elə özü kimi naməlum fəaliyyətinə görə üstünə təxminən 10 min manatadək borc yığılıb.

Bu barədə Tural Əjdərli özü məlumat verib.

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən martın 16-da bildiriş almışam. Qeyd edilib ki, "KYM Təchizat” MMC-nin dövlət büdcəsinə ümumilikdə 9818.85 manat borcu var. Borc beş gün müddətində ödənilməlidir. Borc ödənilmədiyi halda ölkədən getmək hüququmun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcək”, - şikayətçi qeyd edib.

Tural Əjdərlinin sözlərinə görə, onun adına açılmış "KYM Təchizat” MMC adlı şirkətdən də Baş İdarədən gələn xəbərdarlıqdan sonra xəbər tutub.

Şirkətin necə və ya kimlər tərəfindən açıldığı, Turalın adına hansı formada rəsmiləşdirildiyi və hansı işlə məşğul olduğu isə tam bir müəmmadır. Bu barədə İqtisadiyyat və Vergilər Nazirliyinə müraciət edib. Nazirlikdə ona "KYM Təchizat”ın fəaliyyəti haqda şifahi məlumat verilib, nə kimi işlərlə məşğul olduğuna dair informasiyalar göstərilib.

Tural məsələ ilə əlaqədar Bakıda Nizami rayon Prokurorluğunda da olub.

Kiminsə adına ondan xəbərsiz şirkət açmaq üçün bir şəxsin elektron imzası, altında imzası olan etibarnamə, şəxsiyyət vəsiqəsi lazımdır. Tural isə deyir ki, elektron imzası yoxdur, heç bunun nə olduğunu da bilmir. Etibarnaməyə gəldikdə, heç kimə etibarnamə verməyib. Dediyinə görə, sadəcə olaraq, 8-ci km bazarında işləyərkən kirayə qaldığı evin sahibinə və yük daşımaq üçün icarəyə götürdüyü araba üçün şəxsiyyət vəsiqəsinin surətini verib. Şəxsiyyət vəsiqəsinin surəti ilə də belə bir işin görülüb-görülməyəcəyini isə bilmir.

Çarəsiz vəziyyətdə olduğunu deyən Tural Əjdərli Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan, İqtisadiyyat və Vergilər Nazirliyindən və digər aidiyyəti qurumlardan kömək istəyir.

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, bu cür hüquq pozuntusu Azərbaycanda artıq geniş yayılmış bir ənənəyə çevrilib:

"Bu halla rastlaşan çox sayda vətəndaş var. Aldadaraq həmin şəxsin adından etibarnamə alınır. Nümayəndə kimi Vergilər Nazirliyində VÖEN almaqla verilmiş həmin etibarnamə əsasında sahibkarlıq fəaliyyətinə başlayırlar. Sonra isə bu şəxsləri külli miqdarda vergi borcu ilə hökumətin qarşısında buraxıb qaçırlar”.

S.Vəkilov qeyd edib ki, bu məsələ mülki hüquq münasibətləri konteksində araşdırıldıqda formal cəhətdən hüquq pozuntusu olmadığı üçün əksər hallarda həmin şəxslər məhkəmədə uduzurlar:

"Tövsiyə edərdim ki, bu cür hüquq pozuntusu ilə rastlaşan şəxslər məsələnin cinayət mühakiməsi qaydasında araşadırılmasına nail olsunlar. Yalnız bu halda həmin şəxslər cəzalandırıla bilər və bu cür mənfi tendensiyalar aradan qalxar”.