03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı idmançı 2022-ci ilin ilk dünya çempionu olub

28.03.2022

Azərbaycanlı idmançı, həvəskar MMA üzrə ötən ilin Avropa birincisi Fətəli Talıbov 2022-ci ilin ilk dünya çempionu olub.

52 kq-dan aşağı kateqoriyada çıxış edən Talıbov GAMMA (Global Association of MMA) təşkilatının Niderlandın paytaxtı Amsterdamda keçirdiyi həvəskar MMA üzrə dünya çempionatının yarımfinalında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Resant Aşırovu məğlub edərək finala çıxıb.

Fətəli finalda Qazaxıstan idmançısı Əhməd Əmirə bir dəqiqədən də az müddətdə qalib gələrək dünya çempionu olub. Bununla da Fətəli Talıbov MMA-da 2022-ci ilin ilk dünya çempionu adını qazanıb.

Digər idmançılarımızdan Nail Əzizov (-83,9 kq) finalda ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş Avropa çempionatında qarşılaşdığı İtaliyanı təmsil edən Mehdi Taki ilə qüvvəsini sınayıb. Hakimlərin qərarına əsasən, Taki qalib elan edilib və İtaliyanın ilk dünya çempionu olub. Nail isə gümüş medalla kifayətlənib.

Ehtiram Darişov (-56,7 kq) finalda gürcüstanlı Nika Quduşaurini məğlub edib. O, bu yarışda Azərbaycanın ikinci dünya çempionu olub.

Bundan başqa, İmran Abbasquliyev (-70,3 kq) və Ömər Mutayev (-77,1 kq) bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan yarışı beş medalla (iki qızıl, bir gümüş və iki bürünc) başa vurub.


Yarışda 21 idmançı ilə təmsil olunan Qazaxıstan 17 medal (yeddi qızıl, səkkiz gümüş və iki bürünc) qazanmaqla ən yaxşı nəticəni göstərib. Polşa ikinci (5-3-0), ABŞ (3-1-4) üçüncü olub. Azərbaycan 13 medal qazanmış Qırğızıstanın (2-2-9) ardından beşinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan bu yarışda səkkiz idmançı ilə təmsil olunub. Fətəli Talıbov (-52,2 kq), Ehtiram Darişov (-56,7 kq), Səbuhi Məmmədov (-61,2 kq), Bəhruz Bəylərzadə (-70,3 kq), Xəzər Rüstəmov (-77,1 kq), Nail Əzizov (-83,9 kq), həmçinin Striking MMA (maykasız döyüş) kateqoriyasında İmran Abbasquliyev (-70,3 kq) və Ömər Mutayev (-77,1 kq) Azərbaycan adından çıxış ediblər.

Onu da bildirək ki, bu yarış ötən il keçirilməli olsa da, pandemiyaya görə bu il baş tutmalı olub. Bu yarışda meydan sahibi Niderland və Azərbaycan idmançılarından başqa, Avstraliya, Hindistan, Fələstin, Gürcüstan, Mavriki, Pakistan, Misir, Nikaraqua, Slovakiya, İspaniya, Latviya, Qazaxıstan, Qırğızıstan, Yeni Zelandiya, İtaliya, Yunanıstan, Polşa, Almaniya, Fransa, Uqanda, Çexiya, İordaniya, ABŞ, Livan, Samoa, Tunis, Toqo, Tacikistan və Portuqaliya kimi dövlətlərin MMA döyüşçüləri mübarizə aparıblar. Yalnız 27 ölkənin idmançıları medal qazana biliblər.