02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin özünü ikinci dəfə təkzib etdi: Daha amansız faza başladı

11.03.2022

Rusiya lideri Vladimir Putin 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı müraciətində Ukraynadakı əməliyyatda həqiqi hərbi xidmətdə olan heç bir çağırışçının iştirak etmədiyini bildirmişdi. Elan etmişdi ki, Ukraynada əməliyyatı yalnız xüsusi təyinatlılar və peşəkar hərbçilər aparır.

Cəmi bircə gün sonra bəlli oldu ki, Ukraynadakı əməliyyatlarda iştirak edənlərin az qala yarısı çağırışçılar – yəni xüsusi hazırlığı olmayan 18-20 yaşlı gənclərdir.

Bunun məsuliyyətini dərhal Müdafiə Nazirliyinin bir neçə generalının üzərinə yıxıb, onları vəzifədən azad etdilər.

Bu faktı zatən gizlətmək də olmazdı – çünki Ukraynada əsir düşənlərin böyük əksəriyyəti məhz çağırışçı gənclər idi.

Putin yenə həmin çıxışında Ukraynadakı əməliyyatlara görə heç bir səfərbərlik elan edilməyəcəyini, ehtiyatdan zabitlərin çağırılmayacağını bildirmişdi.

Bu, həm də özgüvəndən və yaxud ordunun Ukraynada apardığı əməliyyatlar haqda aldığı məlumatlardan qaynaqlanırdı.

Cəmi 3 gün keçdi və bu gün Təhlükəsizlik Şurasının toplantısında müdafiə naziri Şoyqu Ukraynaya "könüllü döyüşmək istəyənlərin göndərilməsi” təklifini verdi. Putin isə dəstəklədi.

Ukraynaya "könüllü döyüşmək üçün” kimsə getmək istəyirmi?

Bu sualın cavabı hər kəsə bəllidir. Görünür, "könüllü” adı ilə ehtiyatda olan peşəkarların orduya çağırılması prosesi start götürəcək.

Digər məqam isə Suriya və digər ərazilərdən "könüllülər”in Ukraynaya cəlbidir. Zatən bu barədə məlumat yayılmış, Suriyadan terrorçuların Ermənistan vasitəsilə Ukraynaya göndərildiyi bildirilmişdi.

Bu gün TŞ-də verilən növbəti ən önəmli qərar döyüşlərdə ələ keçirilən hərbi qənimətlərin – Qərb istehsalı olan texnikaların Donbas separatçılarına verilməsidir. Bunu da Şoyqu təklif etdi və Putin dəstəklədi.

Putinin 3 gün ərzində özünü 2 dəfə təkzib etməsinə səbəb nədir?

Görünür, Ukraynadakı əməliyyatla bağlı Prezident Putinə əsl həqiqət tam mənası ilə çatdırılmır. Əvvəlcə ora çağırışçıların göndərilmədiyini demiş, daha sonra isə heç bir ehtiyat qüvvəyə gərək olmadığını bildirmişdilər.

Və budur: bəlli oldu ki, Ukraynaya göndərilənlərin hamısı heç də peşəkar deyil. İkincisi və ən ümdəsi: bugünkü TŞ iclası təsdiqlədi ki, Rusiya ordusu sözün hər mənasında gözləmədiyi, hesablamadığı, ağlına belə gətirmədiyi müqavimətlə üzləşib – canlı qüvvə baxımından da, hərbi texnika baxımından da ciddi itkilər var.

Buna görə də Rusiya Ukrayna ilə müharibəyə daha çox qüvvə səfərbər etməyə başladı.

Ötən gün Makron müharibənin "yaxın həftələrdə bitməyəcəyi” haqda məlumat vermişdi, Bayden isə Rusiyanın müəyyən uğurlar qazanacağını, bəzi torpaqları ələ keçirəcəyini istisna etməsə də, tam şəkildə Ukraynanın işğalını "heç vaxt və heç vaxt” bacarmayacağını bildirmişdi.

Beləliklə, müharibə daha ağır, daha şiddətli və daha amansız fazaya keçir.