01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvada “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb

22.02.2022

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Azərbaycan” pavilyonunda "Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb.

Məlumata görə, Rusiyada keçirilən "Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunmuş sərgidə "Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir.

Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar "Azərxalça”nın yaradıcı kollektivinin Əməkdar rəssam Rəşad Ələkbərovla iş birliyinin məhsuldur.

"Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ qrupuna aid xalçalardır: "Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ qrupuna aid "Qasımuşağı” xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi 44 sayda xalçadan ibarətdir”.

Sədr qeyd edib ki, ekspozisiyada həmçinin "Qarabağ” qrupuna aid məşhur "Əjdahalı” xalçalar da yer alıb: "Burada məşhur "Əjdahalı” xalçalarımız həm klassik, həm də müasir toxunuşda sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını da tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclarda satılsın”.

"Azərbaycan” pavilyonun rəhbəri Səadət Qədirova qeyd edib ki, bu gün Moskvada keçirilən "Azərbaycan festivalı” çərçivəsində Moskva sakinləri və Rusiya paytaxtının qonaqlarına "Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi təqdim olunur.

"Sərgidə Azərbaycan xalçaçılıq ənənələri müasir rakursdan təqdim edilir, həm klassik ifada, həm də müasir dizaynda xalçalar göz oxşayır. Azərbaycan rəhbərliyi xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Mənə çox xoşdur ki, bu nəfis xalçalar, incəsənət nümunələri pavilyonumuzda sərgilənir”, - deyə S.Qədirova vurğulayıb.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun daha bir layihəsi- dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl” poeması əsasında "Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilib. Layihə çərçivəsində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərindən parçalar səsləndirdikləri videoçarx göstərilib.