01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngəzur dəhlizində bəzi yolların asfaltlanmasına başlanılıb

22.02.2022

 Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına ötən il Goranboy rayonunda 17,7 km, Daşkəsən rayonunda 1,5 km, Naftalan şəhərində 16 km, Tərtər rayonunda 9 km olmaqla, ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və iki körpü bərpa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar məhv ediblər. Bu üzdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə AAYDA tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1 516,3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.

"Sözügedən yol infrastrukturu layihələrindən ən qürur vericisi "Zəfər Yolu”nun tikintisidir. Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan "Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilib. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır", - S. Məmmədov qeyd edib.

O əlavə edib ki, Qarabağda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81,6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolunu yüksək sürət və keyfiyyətlə inşa edilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və "Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaq.

S. Məmmədov onu da əlavə edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir: "123,6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional əhəmiyyəti də olduqca böyükdür".

AAYDA-nın rəsmisi onu da bildirib ki, hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.