29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin Ağdam səfərinin əhəmiyyəti - ŞƏRH

14.02.2022

Həm işğaldan azad edilmiş ərazilərin bərpası, həm də digər regionların inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

İlham Əliyevin Ağdama səfəri də həmin prioritetin bir daha bəyanıdır.

İlham Əliyev Ağdama səfəri zamanı "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1” və "Ağdam-2” elektrik yarımstansiyalarının, "Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib.

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Ağdam Sənaye Parkının rezidenti "Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək.

Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. "Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

Digər rezident -"Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. "Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Dövlət başçısı hər iki müəssisənin təməlini qoyub.

Ağdam strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilir. Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək.

Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır.

Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir.  

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yüksək səviyyədə şərait yaradılıb.

Qərargah ən son innovativ texnologiyalar əsasında tikilib.

Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə görülən işlərin göstəricisidir.