03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov bu gün Hulusi Akarla görüşəcək

01.02.2022

 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin səfərə dair açıqlamasında göstərilir:

"Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.

Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək”.

Məlumat hərbi sistemin qaydalarına uyğun olaraq çox məhdud məzmunda olsa da, səfəri zəruri edən amillərə toxunmaq üçün geniş əsaslar var.

Cənab nazirin səfəri son zamanlar MDB məkanında cərəyan edən hadisələr, eləcə də Ukrayna böhranı fonunda Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq prioritetlərini yeni müstəviyə salmağa hesablanıb. Regional "oyun lövhəsində” mühüm damada dayanan Türkiyə isə həssas situasiyanın miqyasının böyüməsi səbəbi ilə strateji dəqiqliklərə ehtiyac duyur və bunun üçün strateji müttəfiqi Azərbaycanın da təkliflər paketini dinləmək istəyir. Akarın Həsənovu səfərə dəvət etməsinin səbəblərini bu tezisdə axtara bilərik.

Zakir Həsənovun türkiyəli həmkarı Hulusi Akarla görüşündə Türkiyənin Azərbaycana silah ixracının həcmini genişləndirmək üçün müzakirələr aparacağı istisna deyil.

Türkiyənin Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaq, bunun regional təhlükəsizliyin perspektivinə faydaları məsələləri də nazirlərin gündəliyində olacaq.

Bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir.

Təhlükəsizliyin konfiqurasiyası birgə hərbi təlimlərin intensivliyini aktual edir, bu mənada Akar-Həsənov görüşündə həmin təlimlərin proqramı və ona mahiyyətcə yeni xarakter verilməsi, həmçinin Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan perspektiv hərbi təlimləri məsələsi müzakirə olunacaq.

Müdafiə nazirləri Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə edəcək.

Zakir Həsənov Mərkəzin bir illik fəaliyyətinə dair məlumatları (30 yanvar 2021-ci il tarixdə açılışı olub) cənab Akardan alacaq və koordinasiyanın güclənməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması məsələsi də nazirlərin müzakirə masasına qoyulacaq. Nazirlər Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam edəcəyi təqdirdə, Bakı-Ankara hərbi planının ümumi ştrixlərini müzakirə predmetinə gətirəcək.  

NƏTİCƏ:

1. Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi aktivliyinin paralelində digər bölgələrdə cərəyan edən hadisələr Ankara qarşısında yeni təhlükəsizlik və strateji çağırışları qoyur,

2. Türkiyə bu çağırışların öhdəsindən gəlmək üçün strateji müttəfiqi Azərbaycanla birgə hərəkət edir,

3. Akar-Həsənov görüşü Ermənistana da siqnaldır.