22 01 2022-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
21/01/2022
20/01/2022
19/01/2022

İrəvana Bakıdan XƏBƏRDARLIQ

13.01.2022

 Əslində ehtimallarımız özünü doğrultdu. Ermənistanın baş nazirinin Qazaxıstandakı hadisələrdən özünün KTMT daxilində avtoritetini artırmaq, divident qazanmaq məqsədilə sülhməramlıların Almatıya yeridilməsində göstərdiyi fəallığın əsl səbəbi Azərbaycan tərəfinə iki gün əvvəl daha aydın oldu.

Kəlbəcər istiqamətindəki son olaylar əslində düşündüyümüzdən də ciddi idi, rəsmi Bakı üçün kritik nəticələnə bilərdi. Son təxribatlarla Azərbaycanı məcburiyyət qarşısında qoyub Ermənistan ərazisinə hərbi müdaxilə etməsinə növbəti dəfə cəhd edən rəsmi İrəvanın KTMT-yə 44 günlük müharibədən fərlqi olaraq bu dəfəki ümidləri çox böyük idi. Bunu elə cəbhədəki hadisələrin gedişində Putin ilə Paşinyan arasında telefon danışığı da təsdiq edir. 

Lakin nə Paşinyanın o canfəşanlığı öz işinə yarıdı, nə də ağır məğlubiyyət şokundan hələ özünə gəlməyi bacarmayan silahlı birləşmələrinin təxribat istəyi. Əvəzində cəmiyyətinin və dünyanın qarşısında yenidən başı dizinə düşən bir Ermənistan dövləti gördük. 

Ermənistanın niyyəti, məqsədi hər kəsə artıq bəllidir. Sirr deyil ki, Paşinyan bu təxribatlarla Rusiyanı Azərbaycanın qarşısına çıxararaq iki ölkə arasında düşmənçilik toxumları səpmək üçün zəmin hazırlamaq istəyirdi. Özü də bunu fürsət bilib Azərbaycanın işğaldan azad etdiyi ərazilərə yenidən iddialarını göstərmək üçün növbəti işğal hazırlığını görməyi planlayırdı. 

Amma gözlənilənlərdən heç biri baş vermədi, daha doğrusu rəsmi Bakı buna şərait yaratmadı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın cavabını artıqlaması ilə verilərək, qarşı tərəf ağır itkilərlə geri çəkildi. Prezident İlham Əliyevin bu hadisələrdən bir gün sonra yerli telekanallara verdiyi müsahibə zamanı Kəlbəcərdəki erməni təxribatının məqsədi ilə təxminən 1 il əvvəl Vətən müharibəsi zamanı baş verən hadisə arasında paralellik aparması erməni xislətinin növbəti ifşası idi. 

Dövlət başçısının "Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil" açıqlamasından bir daha aydın oldu ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu dövlət heç vaxt ağıllanmayacaq, heç vaxt nəticə çıxarmayacaq.

Dövlət başçısının müharibədən bu epizodu mediaya açıqlaması əslində Paşinyanın Rusiyaya onlara KTMT xətti ilə dəstək olması üçün etdiyi müraciətlərin niyə nəticəsiz yekunlaşdığının əsl cavabıdır. Bəli, Rusiya da çox yaxşı anlayır ki, Ermənistanın bu etdiyi alçaqlıqdan başqa bir şey deyil. Elə buna görə də Qazaxıstandakı hadisələrdən ürəklənən, ümidlənən Paşinyanın növbəti planı da doğulmadan öldü.

Ermənistanın dini liderlərindən hesab edilən I Aramın yerli mediaya açıqlamasında bildirdiyi fikirlər bir daha təsdiq edir ki, onlar bölgənin dincliyinə qarşı böyük təhdiddirlər. "9 yanvar 2022-ci il bazar günü Qarabağa getdim. Buradakı müqəddəs yerləri ziyarət etdim. İnsanların inamı böyükdür. Onlar müharibə üçün alışıb, yanırlar. Bəli müharibə olacaq və biz itirdiklərimizi geri qaytaracayıq. Müharibə bitməyib. Qarabağda yeni müharibənin başlanması qaçılmazdır", - deyən Aram Ermənistanın tamamilə Azərbaycandan revanş almaq istəyinə kökləndiyini və bunun təbliğ-təşviqi ilə daha güclü şəkildə məşğul olduğunu göstərmiş oldu ki, bu da regionda normal qonşuluq prnsipləri əsasında yaşamağın mümkünsüz olacağını, sabitlik və sülhün ermənilərin ritorikasına zidd bir ifadə olduğuna əyani sübutdur.

Belə olacağı təqdirdə isə heçnə Ermənistanın istədiyi kimi bitməyəcək, necə ki, biz bunun 44 günlük müharibə nəticəsində şahidi olduq. Ermənistanın bundan sonra regionda hər təxribatı, hər işğal niyyəti Azərbaycanın yeni ərazilərə bayraq sancması ilə nəticənələcək. 

Dövlət başçısının "Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, "görməmişik, bilməmişik" demək, qeyri-ciddidir" sözlərindən bir daha o da anlaşılır ki, Azərbaycan çox ciddi şəkildə Araz çayından Murov dağına - cənubdan şimala qədər Ermənistanla dövlət sərhədini praktiki olaraq bərpa edib: indi hədəf bunun masada rəsmiləşməsi, sərhədlərin delimitasiya və demarkasiya edilməsidir. Lakin buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılması ilə bağlı məsələdən bu zaman kimi bir xəbər var. Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündə də sərhədlərin müəyyənləşməsinin vacibliyi vurğulansa belə, həmin tarixdən də artıq bir ay keçməsinə baxmayaraq, sonuncu insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və nə qədər ki, razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb sərhəddə gərginlik azalmayacaq. 

Hər çıxışı, hər müsahibəsində xüsusilə Ermənistanın hərbi-siyasi rəhbərliyinə və havadarlarina ciddi xəbərdarlığı, mesajları ilə yadda qalan Prezident İlham Əliyev bu dəfə də ənənəsinə sadiq çıxdı. Belə ki, dövlət başçısı Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyən Paşinyana və onun havadarlarına yenidən xəbərdarlıq edib: "Bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir".

Dövlət başçısı bu çıxışı ilə Ermənistanın hərbi-siyasi rəhbərliyinə və onun himayədarlarına təxribatların davam edəcəyi, yeni işğal planın olduğunu hiss edəcəyimiz təqdirdə 44 günlük müharibənin bu dəfəkinin yanında toya getməli olacağı mesajını verdi. Ermənistan daha betər bəla ilə üzləşmək istəmirsə, müharibədən dərs çıxarmalıdır. Yoxsa Azərbaycanın Ermənistana növbəti dərsi, onun üçün sonuncu ola bilər.