29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İxtisas alıb birbaşa işə qatılmaq istəyənlərin nəzərinə

12.01.2022

Yanvarın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə media-tur təşkil edilib.

 Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki, 2020-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan Mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.

Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Mərkəzin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və tədris prosesində qazanılmış nəzəri biliklərini daha da təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.

İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, 2021-2022-ci tədris ilində bəzi sahələrdə kadr hazırlığına ciddi tələbatın olması səbəbindən daha 3 yeni ixtisas yaradılaraq sayı 8-ə çatdırılıb. Hazırda Peşə Təhsil Mərkəzində torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 150-dən çox tələbə təhsil alır. Bu ixtisaslardan sadəcə veb-dizayner və proqram təminatçısı ixtisasları ödənişlidir. Təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edirlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.

Qeyd edilib ki, Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin ən fəal, savadlı tələbələri (əsasən təcrübi dərslərdə fəal olan tələbələr) əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin edilə bilmələri üçün müvafiq tədbirlər görülür. Mərkəzi uğurla bitirənlər sonda diplomla təltif olunurlar.

KİV nümayəndələri Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesləri, laboratoriyalar və s. tanış olub, tələbələrin Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn” MMC-də keçdikləri təcrübə proqramında iştirak ediblər.