01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna danışıqlarında heç bir irəliləyiş əldə olunmayıb

11.01.2022


Yanvarın 10-da Cenevrə şəhərində ABŞ və Rusiyanın xarici işlər nazirinin müavinləri səviyyəsində Ukrayna böhranı ilə bağlı danışıqlar aparılıb.

Danışıqlarda ABŞ nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vendi Şerman, Rusiya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq ediblər.

Təxminən səkkiz saat davam edən danışıqların açıq və birbaşa aparıldığı bildirilir. Tərəflər görüşdə təhlükəsizliklə bağlı öz narahatlıqlarını ifadə ediblər, Avropada silahların mümkün ləğvinə dair addımlar barədə danışıblar. Əsas söhbət mövzusu isə Ukrayna böhranı olub və burada tərəflər arasında heç bir mövqe yaxınlaşması baş verməyib.

Rusiya tərəfi isə NATO-nun şərqə doğru genişləndirilməsinə son qoyulmasına zəmanət verilməli olduğunu bildirib. Qeyd edilib ki, buraya, həmçinin Rusiya sərhədləri yaxınlığında hücum silahlarının yerləşdirilməsinə son qoyulması da daxildir. ABŞ tərəfi isə suveren dövlətlər üçün alyansın açıq qapı siyasətinin dayandırılmayacağını vurğulayıb.

Görüşdən sonra V.Şerman mətbuata açıqlamasında qarşı tərəfin Ukrayna böhranı ilə əlaqədar gərginliyin azaldılmasına dəvət olunduğunu ifadə edib. Amerikalı diplomat bildirib ki, bu həftə Rusiyaya ABŞ və onun müttəfiqləri tərəfindən aydın şəkildə mesajlar veriləcək və Ukrayna böhranında diplomatik həll yollarının tapılmasına şans vermək üçün Rusiyanın gərginliyi azaltmağa səy göstərməli olduğu bildiriləcək. Onun sözlərinə görə, ABŞ tərəfi manevrlər və ya raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması kimi mübahisəli mövzularda danışıqlara hazır olduğuna işarə edib.

Danışıqlarda tərəflərin prinsipial mövqeyində hansısa yaxınlaşmanın olmadığı da etiraf olunub. ABŞ bir daha rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsini tələb edib, Rusiya isə NATO-nun şərqə doğru genişlənməyə son qoymağa və Ukraynanı üzvlüyə qəbul etməyəcəyinə zəmanət verməsində maraqlıdır.

Ekspertlər görüşlə bağlı şərhlərində bildiriblər ki, görüşün, ümumiyyətlə, baş tutması əldə olunmuş ən müsbət nailiyyətdir. Digər diqqət çəkən məqam isə Ukraynanın suverenliyi və Avropada təhlükəsizlik strukturunun müzakirə olunduğu zirvə görüşündə nə Ukrayna, nə də Avropa İttifaqı təmsilçilərinin iştirak etməməsi olub.