22 01 2022-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
21/01/2022
20/01/2022
19/01/2022

Ermənistanda Rusiya əleyhinə siyasət güclənir

06.12.2021


Artıq Ermənistan açıq siyasət yürütməyə başlayıb. İrəvan Qərbə inteqrasiya siyasətini heç kəsdən, hətta Rusiyadan da gizlətmir. Belə görünür ki, Paşinyan NATO-ya və Avropa Birliyinə (Aİ) inteqrasiya istiqamətində ciddi addımlar atmaq niyyətindədir. Bu səbəbdən də Rusiya ilə körpüləri bir-birinin ardınca yandırmaqda davam edir. Dünənə qədər İrəvan bu siyasəti gizli formada aparırdısa, indi heç nəyə məhəl qoymadan, hətta Rusiyanın bölgədəki təsirinə və Rusiya ilə olan müqavilələrə baxmayaraq, qərbyönümlü siyasət həyata keçirir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın NATO-ya üzv olan ölkələrlə hərbi təlimlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistanda antirusiya əhvali-ruhiyyəsinin artması da bununla bağlıdır:

"Rusiyanın əleyhinə bir neçə mitinq düzənlənib və burda Rusiyanın, həmçinin Putinin ünvanına çox ciddi ittihamlar səsləndirilib. Bu mitinqlərin Soçi görüşü planlaşdırılarkən keçirilməsi görüşün əhəmiyyətini minimuma endirmək məqsədi güdüb. Brüsseldə görüşün ərsəyə gəlməsi də Qərbin ağuşunu Ermənistana geniş surətdə açmasının əlamətidir. Üstəlik, Aİ-nın Ermənistana 2,6 milyard avro maliyyə yardımı da erməniləri Qərbə doğru əməlli-başlı meyilləndirib. Zənnimcə, bu, bir tərəfdən Azərbaycan üçün əlverişli ola bilərsə, digər tərəfdən sülhyaratma prossesini müəyyən qədər ləngidə bilər. Çünki bu gün Rusiyanı, onun rəhbərliyini boykot edən Paşinyan sabah Soçi görüşü və Soçi prosesini baykot edə bilər. Yaxud da o, bir müddət Soçi prossesinə də qatılaraq vaxt qazanmağa çalışacaq. Dəqiq proqnoz versək, deyə bilərik ki, Ermənistan, xüsusən də onun Baş naziri ölkəsini Aİ və NATO-ya qəbul etdirmək hədəfini seçib”.

Politoloqun fikrincə, NATO-nun Ukrayna və Gürcüstanı tezliklə öz tərkibinə qata biləcəyi haqqında bəyanatları İrəvanı şirnikləndirib:

"Rusiya Cənubi Qafqazda Ermənistanin timsalında çox ciddi problemlərlə üzləşə bilər. Azərbaycan bütün bu nüanslara, Ermənistanın apardığı siyasətin nəticələrinə əvvəlcədən hazır olmalı və özünün alternativ siyasətini formalaşdırmağa çalışmalıdır. Fikrimcə, Rusiya bu təlimlərə reaksiya versə də, bu, mediada işıqlandırılmayacaq. Yaxud da artıq reaksiya verilib və cavabı da alıb. Belə görünür ki, Ermənistan daxilində antirusiya mitinqlərindən ilham alan Paşinyan Rusiyanı eşitməməyə başlayıb. NATO və Rusiya arasında getdikcə gərginləşən qarşıdurma ərəfəsində rus himayədarından çıxaraq, Avropanın ağuşuna atılmaq Paşinyan üçün əlverişli görünür”.