27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elçin Mirzəbəylidən açıqlama

29.11.2021


İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), ümumilikdə üzv ölkələrin ərazisinə (7 937 197 kv. km), əhalisinin sayına (488,405,949) və ÜDM-ə (6,3 trln ABŞ dolları) görə, dövlətlər və iqtisadi-siyasi təsisatlar arasında 3-6-cı sırada dayanır. Bu isə öz növbəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası, enerji, yük daşımaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlər deməkdir. Azərbaycanın təşkilata üzv dövlətlərin əhəmiyyətli hissəsi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sahib olması, ölkəmizin bu təsisat daxilindəki imkanlarını daha da genişləndirir. Azərbaycan üzv olduğu bütün beynəlxalq təsisatlardakı missiyasına böyük önəm verdiyi kimi, İƏT çərçivəsindəki fəaliyyətinə də məsuliyyətlə yanaşır. Əsasən yaxın dostluq, ortaq mədəniyyət, dil, tarix, eləcə də ortaq mənəvi dəyərlərin birləşdirdiyi dövlətlərlə əməkdaşlığın inkişafına, o cümlədən İƏT-dəki iştirakına da yüksək məsuliyyətlə yanaşır və böyük önəm verir.

Hesab edirəm ki, Azərbaycanın üzv olduğu və əsasən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, qlobal məsuliyyətini dərk edən, qarşılıqlı faydalı əməkdaşlığı prioritet sayan dövlətlərdən təşkil olunmuş təsisatlara sədrliyi dönəmində və bütövlükdə, bu təşkilatlarda fəaliyyətdə olduğu zaman kəsiyində, öz təşəbbüsləri və əməli addımları ilə sözügedən qurumların inkişafına böyük töhfələr verib.

Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təkcə Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyətini, həmçinin təşəbbüslərini göz önünə gətirsək, ölkəmizin bu təşkilatların inkişafındakı rolunun nə qədər böyük əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilərik.

Ölkəmizin bütün digər beynəlxalq və regional təsisatlarda olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatında da fəal mövqedə dayandığını, öz konseptual təşəbbüsləri ilə təşkilatın fəaliyyətinin genişlənməsinə və üzv dövlətlər arasında çoxşaxəli münasibətlərin inkişafına səy göstərdiyini deyə bilərik.

"Qeyd edim ki, hələ 2002-ci ildə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə ümummilli lider Heydər Əliyev Bakıda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürüldü və 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım göstərməkdən ibarətdir. Göründüyü kimi, Azərbaycan İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürməklə, təşkilat daxilindəki əməkdaşlığın ciddi şəkildə araşdırılmış, təhlil edilmiş, risklərdən sığortalanmış bir platforma üzərindən inkişafına təkan verir, İƏT-in gələcək perspektivləri ilə bağlı uzaq hədəflərlə hesablanmış strateji baxış bucağının formalaşmasına çalışır”, - deyə E.Mirzəbəyli qeyd edib.

Ekspert vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekun Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik də, şübhəsiz ki, təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Onun sözlərinə görə, Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması isə Aşqabad Bəyannaməsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır. Bu isə, şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsidir: "Xatırladım ki, Prezident İlham Əliyevin KTMT üzvü olan dövlətlərlə qurduğu yüksək səviyyəli münasibətlər, hələ müharibə cinayətkarı Serj Sarkisyanın Ermənistana rəhbərlik etdiyi dönəmdə də, rəsmi İrəvanın sözügedən təşkilat daxilindəki provokasiya xarakterli addımlarının qarşısını almış, ölkəmizlə olan ikitərəfli münasibətlərin üzv dövlətlər üçün Ermənistandan daha böyük əhəmiyyətə malik olduğu gerçəkliyini ortaya qoymuşdu. İƏT-də təmsil olunan KTMT üzvlərinin – Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan, hətta təmsil olunduğu hərbi-siyasi blokda da heç bir dəyərə malik deyil. Bu ölkə ilə normal müttəfiqlik münasibətləri qurmağın, yaxından əməkdaşlıq etməyin də faydası yoxdur. Ermənistandan hətta ən prinsipial dəstək qarşılığında belə dəstək gözləməyə, müttəfiqlik münasibətlərinə sadiq qalacağına ümid bəsləməyə dəyməz. Qonşularına münasibətdə əsassız ərazi iddialarından əl çəkə bilməyən, dəfələrlə ovulsa da bölgədənkənar qüvvələrin Cənubi Qafqaza uzanan "burnu” funksiyasını yerinə yetirməkdən əl çəkə bilməyən Ermənistan, bəlkə də bəşər tarixinin ən sədaqətsiz təsisatlarından biridir”.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də, üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış, eyni zamanda, İƏT-lə yanaşı, KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir.

"Ermənistanın de-yure hərbi-siyasi müttəfiqi olan dövlətlər bu barbar ölkənin Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törətdiyini rəsmən bəyan edir, bərpa, yenidənqurma prosesinə qatılmaqla erməni vandalizminə, vəhşiliyinə olan münasibətlərini dilə gətirirlər”, - deyə ekspert vurğulayıb.