29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Şahmar Ələkbərov

22.08.2018

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. Orta məktəbi 15 yaşında bitirib. Evdə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcək, amma məlum olduğu kimi belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir, çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi.
Həyat yoldaşı teatrşünas Kamilə Ələkbərova idi.Kamilə Ələkbərovadan iki ekiz qızı var idi: İzulət və Ləman.evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır.
Cəmi 50 il ömür yaşadı. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər çox idi. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinоstudiyanın nəzdində özünün yaratdığı "kinо aktyоrluğu" studiyasına dəvət edib
1974-cü ildə istehsal edilmiş "Bakıda küləklər əsir” filmindən bir səhnə. Şahmar Ələkbərov "Azad” rolunda.
1967-ci ildə istehsal edilmiş "Dağlarda döyüş” filmindən bir səhnə. Şahmar Ələkbərov "Fərrux” rolunda.
"Dağlarda döyüş" filmindəndən başlamışdı onun ilk aktyor karyerası. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı. Bu o demək idi ki, Şahmar Ələkbərov artıq püxtələşmiş bir aktyor idi və elə "Dağlarda döyüş" filmindəki debütündə də bu aydın görünür. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş vermişdi.Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün "Tikanlı məftillər" povesti əsasında ssenarini yazmışdı. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir.Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınmışdı və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başladı. Və bu sərhəd onun rejissor kimi tamamladığı "Qəzəlxan" filminə qədər uzun və keşməkeşli bir yol keçdi.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Şahmar Ələkbərovun yaradıcılığında Məzahirin özünəməxsus yeri var. "Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilmişdi.Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi.Bu sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkmişdi. Ümumiyyətlə, Şahmar Ələkbərov Tofiq Tağızadənin filmlərində çox az çəkilmişdir. "Qızılqaz" və bir də "Mən ki, gözəl deyildim". Hər ikisində də çox maraqlı obrazlar yaratmışdır.
1979-cu ildə istehsal edilmiş "Qəribə adam” filmindən bir səhnə. Şahmar Ələkbərov "Nuru”, Həsənağa Turabov "jurnalist Arif” rolunda.
Sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə o rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkdi.Bu ictimai motivli filmdə Şahmar Ələkbərov, çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi. Ssenarini Anar özünün "Şəhərin yay günləri" povesti əsasında yazmışdı. Amma Gülbəniz Əzimzadə ilə elə rahat işləyirdi ki, elə bil uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz Əzimzadə də, tamaşaçılar da filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.
Sonra isə Elçin özünün "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə"ni çəkdi. Bu isə 1989-cu il idi. O vaxt Şahmar Ələkbərova dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Elə bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. "Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini "daşqalaq etdilər”. "Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil. Şahmar Ələkbərovun yaxın dostu və tələbə yoldaşı Tariyel Qasımov film haqqında bu cür demişdi.
"Elçinin ssenarisində ifa etdiyim rol yox idi. Onu rəhmətlik Şahmar Ələkbərovun özü əlavə etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı görərsən. Mənim çəkildiyim səhnə Riqada çəkilib. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma çox gözəl film alındı. Düzdür, sovet dövründə çox tənqid etdilər o filmi”.
Xalq artisti və filmdə Roza rolunun ifaçısı Nuriyyə Əhmədova isə fikirlərini bu cür izah etmişdi.
"Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.

Əməkdar artist Mehriban Xanlarova:
"Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, "Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.

Amma Şahmar Ələkbərov onlarla elə gözəl dil tapdı ki, hər şey çox rahatlıqla sona yetdi.
Filmdə həqiqətən çox ciddi ictimai motivlər vardır. Bəli, müharibə hər bir vəziyyətdə insanlara faciələr gətirir. Ailələri başsız qoyur, taleləri bədbəxt edir. Elə filmin qəhrəmanı Zibeydə kimi. Rejissor bu obraz üçün Türkmənistandan Oğuldurdı Məmmədquliyevanı dəvət etmişdi. Şahmarın ilk sərbəst işi idi "Sahilsiz gecə". Hər kadrına diqqətlə yanaşırdı. Montajda da ehtiyatlılıq göstərirdi. Xoşbəxtlikdən hər şey uğurlu alınmışdı və film geniş rezonans doğurmuşdu. Amma, Şahmar Ələkbərov ürəyincə sevinə bilmədi. Xəstə idi. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. "Sahilsiz gecə"nin xoş təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da ötəri oldu.Cərrahiyyə əməliyyatı üçün Almaniyaya gedəsi oldu. Yaxşı idi.
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. "Qəzəlxan" Azərbaycanın görkəmli şairi Əliağa Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Amansız ölüm onu kinodan apardı. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşdu. Çox idi arzuları. Bir ssenari yazmışdı. Özü çəkmək istəyirdi onu. Məşhur Bakı milyoneri Ağa Musa Nağıyevə həsr etmişdi. Doğrudur, ölümündən sonra bu ssenari çəkildi. Rejissor Rövşən Almuradlı çəkdi bu filmi. Özü də 1995-ci ildə.
1969-cü ildə istehsal edilmiş "İntizar” filmindən bir səhnə. Şahmar Ələkbərov "oğul”, Leyla Bədirbəyli "ana” rolunda.
"Yeddi oğul istərəm..." filmində Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı gözəl səhnələrdən biridir. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar Ələkbərov bunu bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü demək istəyirdi. Bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari aparıb və deyib. "Adil müəllim, film çəkmək istəyirəm." Adil İsgəndərov cavabında deyir: "Sənin nə gözəl kostyumun var". Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var, birini də mənə tikdirək". Bu o deməkdir ki, artıq Şahmar Ələkbərov rejissor kimi fəaliyyət kimi göstərə bilərdi.
Yeddi il əzab-əziyyətli xəstəlik davam etdi. "Firəngiz" filminin çəkilişlərindən başlamışdı. Stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Şahmar Ələkbərov mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 1992-ci ilin qışında ailəsi tərəfindən Hamburqa aparılıb, amma orda bir çarə tapılmayıb.
Bakıya qayıdanda Şahmar Ələkbərov xəstəxanaya yerləşdirildi. Həyat yoldaşı Kamilla Ələkbərova və qızları İzulətlə Ləman (əkiz qızları) onunla xəstəxanada qalıb.Uzun sürən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, xalq artisti və əməkdar artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat edib.