01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Ağıllı kənd”dən son mənzərələr FOTO VİDEO

18.11.2021



Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış yurd yerlərimiz ən müasir texnologiyalara əsaslanan layihələr üzrə bərpa olunur. Belə yaşayış məntəqələrimizdən biri də Zəngilanın Ağalı kəndidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevin iştirakı ilə aprelin 26-da təməli qoyulan ilk "Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir. 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən "Ağıllı kənd” layihəsi tam başa çatdıqdan sonra əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq. Kənd sakinlərinə daha çox gəlir əldə etmək və məşğulluq imkanı üçün lazımi şərait yaradılacaq. Layihə 5 komponent üzrə icra edilir: yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri.

Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 evin tikintisi, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

"Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunur. Evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

"Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin "ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır.

Kənddə tikiləcək "Arximed” qurğusu karbon dioksid emissiyası sertifikatına malik olacaq və "Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək. Artıq qalan enerjini xaricə satmaq da olacaq. Türkiyə şirkətinin tikintisində iştirak etdiyi sistemdən çıxan isti su kənddəki evlərə və otelə ötürüləcək. Qurğu suyu oksigenləşdirəcək ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verəcək.

Ağalı kəndində "Huawei” şirkətinin rəqəmsal texnologiyasından da istifadə olunacaq. "Huawei-Azərbaycan” şirkəti kəndi ən son texnologiyalarla təchiz edəcək. Burada Azərbaycanda ilk dəfə "Qiqabit AirPON” texnologiyası istifadə olunacaq. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısaldacaq. Beləliklə, şəbəkənin qurulması sürətlənəcək, xərclərə qənaət ediləcək. Quraşdırılacaq qurğu 100 meqabitə qədər kabelsiz internet paylayacaq. Eyni zamanda, kənd sürətli internetlə də təmin olunacaq.

Kənddə yaradılacaq "Ağıllı kənd təsərrüfatı” isə özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulan tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. "Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verəcək.

Burada İtaliyanın məşhur "Motsarella di buffalo” pendiri də istehsal olunacaq. İtaliya şirkətinin inşa edəcəyi ferma tam avadanlıqla təchiz ediləcək. Kənddə yüksək keyfiyyətli "motsarella”, "burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi planlaşdırılır. Ferma qurulandan sonra əməkdaşlara pendir hazırlanması ilə bağlı təlimlər keçiləcək.

Kənddə 300-400 başlıq camış ferması da tikiləcək. Heyvanların sayı sonralar 1000 başa çatdırılacaq. İsrail şirkətinin inşa edəcəyi ferma "ağıllı” texnologiya ilə işləyəcək. Belə ki, fermada məlumatların təhlili üzrə proqram təminatı yaradılacaq. Mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması xüsusi nəzarət altında olacaq. Heyvanlar xüsusi sensorlarla təchiz ediləcək. Ferma ərazisində peyin emalı da həyata keçiriləcək. Peyindən gübrə və bioqaz alınacaq, tullantı suları təmizlənərək yenidən istifadəyə yararlı hala gətiriləcək və günəş enerjisindən istifadə olunacaq.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazinin 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

Kənddə "Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Beləliklə, əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.