03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ qazisi: “Dedilər ki, artıq qocalmısan, müharibə sənlik deyil”

03.11.2021

 Müşviq Məmmədov Birinci və İkinci Qarabağ müharibəsi qazisidir. 44 günlük Vətən Müharibəsi başlayan kimi M.Məmmədov dərhal hərbi komissarlığa yollanıb. Yaşına görə haqlı olaraq ona imtina edilib. Amma kişi təslim olmayıb, çünki bu, onun üçün şərəf məsələsi idi. Media.Az qazi ilə söhbətləşib:

- Vətən Müharibəsi başlayanda könüllü kimi qeydiyyatdan keçmək üçün dərhal hərbi komissarlığa getdim. Əlbəttə, oradan məni dərhal geri qaytardılar: "51 yaşlı adamsan, niyə gəlmisən?!”. Bununla belə, mən təslim olmadım, çünki təcrübəmi gənc hərbçilərlə bölüşmək istədim... Və məni apardılar!

- Əminəm ki, ailəniz qərarınızdan məmnun olmayıb...

- Təbii ki, ailədə hamı narahat idi. Mənə dedilər ki, artıq qocalmısan və müharibə sənlik deyil. Amma mənim qərarım qəti idi, heç kim buna etiraz etməzdi. Bizim evdə "heç bir halda getmə” və ya "başqası getsin” ifadələri heç səslənmədi. Mən həmişə övladlarıma nümunəvi ata olmaq istəmişəm, onları vətənpərvərlik, Vətən sevgisi ruhunda tərbiyə edirəm. Ona görə də torpaqlarımızın azad edilməsi uğrunda gedən müharibədə iştirak etməyə bilməzdim. Bu, mənim borcum, şərəf və bəlkə də qisas məsələsi idi. Allah xalqımızı bir daha müharibə ilə üz-üzə qoymasın. Amma biz yeni nəsili vətənpərvər yetişdirməliyik.

- Bildiyimizə görə, Vətən Müharibəsi vaxtı tank əleyhinə taqımda xidmət etmisiniz...

- Bəli... Bizim əsas vəzifəmiz düşmənin texnikasını məhv etmək idi. Başqa bir hərbi hissə müəyyən nöqtəni azad edəndə biz orada öz mövqelərimizi yerləşdirdik. Düzdür, ilk günlərdə biz də hücuma keçdik. Mövqelərimiz Füzuli, Cəbrayıl, Xocavənd və Hadrutda yerləşirdi. Bizim taqımımız Şuşa istiqamətində hərəkət etdi və biz Qırmızı Bazar qəsəbəsinə çatdıq.

Bölüyümüzün komandiri Rövşən Əhmədpur idi. Atası Birinci Qarabağ müharibəsi şəhididir. Elə oldu ki, 30 ildən sonra keçmiş həmkarlarımın övladları ilə bir yerdə döyüşdüm. Məsələn, ehtiyatda olan polkovnik-leytenant Fərəc İsmayılov da bizimlə idi, onun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Bilirsiniz, müharibədə vaxt çox sürətli keçir. Hər gün ölüm təhlükəsi ilə üz-üzə qalan insan hansı gün və ya ay olduğunu unudur. Amma bu müharibədə hər şey fərqli idi, bizi möhtəşəm Qələbəyə doğru yaxınlaşdıran hər günü sayırdıq. Xoşbəxtəm ki, şərəfli döyüş yolu keçmişəm və adımı tarixə yazmışam.

Mən taqım komandiri idim, tabeliyimdə həyatlarına cavabdeh olduğum gənc oğlanlar var idi. Bilirsiniz, bu gənclər bəzən öz cəsarətləri və Qələbə iradələri ilə məni heyran edirdilər. Onlar Vətən naminə hər şeyə hazır idilər. Baxmayaraq ki, vəzifəmiz mövqelərdə qalmaq idi, onlar həqiqətən irəli getmək istəyirdilər. Allah hamısına can sağlığı versin.

- Amin!

- Təəssüf ki, çoxları döyüş meydanından qayıtmadı. Onlardan biri igid qəhrəman, bacımın oğlu - Fuad Məmmədov idi. O, şəhid oldu.

- Onlara da, sizə də əbədi borcluyuq... Hamınızın sayəsində Böyük Qələbənin şahidi olduq!

- Sağ olun, xalqın dəstəyini, inamını hiss etdik. Qələbənin yaxın olduğunu anladığımız zaman nələr hiss etdiyimizi sözlə ifadə etmək mümkün deyil. Biz bir istiqamətdə döyüşərkən eyni vaxtda Qarabağın digər rayonlarının da azad edilməsindən xəbər tuturduq. Hiss edirdik ki, Allahın köməyi ilə müharibə çox tez bitəcək. Qələbə xəbərinin bizi necə sevindirdiyi təsvir olunmaz hissdir. Biz tarixdə şanlı iz qoymuşuq. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanı Qarabağsız təsəvvür etmək mümkün deyil! Heç təsəvvür etmirdik!

- Son sualımız, cəbhədə xüsusilə xatırladığınız məqamlar olubmu?

- Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi əməliyyatını xatırlayıram. Düşmən ağır zirehli texnika ilə bizə hücum etdi, lakin biz hücumu dəf edə bildik. Hücum təkrarlandı, çöl qaranlıq idi və biz bunu gözləmirdik. Bölük komandirinin göstərişi ilə dərhal mövqelərimizi gücləndirdik və şəxsi heyəti artırdıq. O gecə dəhşətli idi. Sanki, göydən mərmi yağışı yağırdı. Allahın köməkliyi ilə biz bütün hücumları dəf edə bildik, düşmənin texnikasını, bütün canlı qüvvəsini məhv etdik.