29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Doğum günü olan şəhidlərimiz

29.10.2021

 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan altı qəhrəmanımızın doğum günüdür.

DM Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Kapitan Həsənov Ceyhun Aydın oğlu 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001-2003-cü illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alan Ceyhun Həsənov 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

O, xidmətə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qəhrəman kapitanımız sentyabrın 27-də Füzuli istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. Şəhidimiz İkinci Şəhidlər Xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Həsənov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Məmmədov Rövşən Müşfiq oğlu 29 oktyabr 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. 2002-2008-ci illərdə Rusiyanın Volqoqrad şəhərində yerləşən 37 saylı orta məktəbdə, 2008-2013-cü illərdə isə Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin oktyabrında Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz Şəki rayonu Böyük Dəhnə kəndində torpağa tapşırılıb.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Rövşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Əsgər Nağıyev Baloğlan Müdəhətoviç oğlu 1996-cı ildə Rusiya Federasiyasının Tomsk şəhərində anadan olub. 

Vətən müharibəsində iştirak edən B.Nağıyev Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz Bərdə rayonunda torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Quliyev Teymur Zamin oğlu 2001-ci ildə Bakıda anadan olub. O, Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 

Sentyabrın 27-dən döyüş bölgəsinə yollanan T.Quliyev Füzuli və Qubadlı rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.  Verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirən qəhrəmanımız oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Novxanı qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Teymur Quliyev ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əsgər Soltanov Gəray Xəlil oğlu 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O, Aprel döyüşlərində könüllü olaraq iştirak edib.

27 sentyabrdan başlayan Vətən müharibəsinə də könüllü yollanan Gəray Soltanov işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 44 günlük Vətən müharibəsində Cəbrayılın və Füzulinin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə savaşıb.

Gəray Soltanov oktyabrın 3-də Füzulinin azad olunması istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz Beyləqan rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” ,"Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Leytenant Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində ziyalı ailəsində anadan olub. O, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2019-cu ildə leytenant kimi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb.

Vətən müharibəsi zamanı bölük komandiri vəzifəsinə təyin edilən C.Xəlilov Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb.

Coşqun Xəlilov oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, düşmən gülləsinə tuş gələrək şəhid olub. Şəhidimiz Neftçala rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.