02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid oğlundan duyğulandıran AÇIQLAMA

07.10.2021

Bu il ali təhsil müəssisəsinə qəbul olunan tələbələr arasında beş şəhid övladı da var. Tələbə adı qazanmış şəhid övladları bu gözəl duyğunu atasız yaşadılar.

Tələbə olaraq ilk dəfə ali məktəb qapısını açan şəhid Azər Şəmilovun oğlu Fədayət Şəmilov təəssüratlarını bölüşüb:

- Fədayət, bəzi gənclər hələ lap uşaqlıqdan hansısa ixtisas üzrə təhsil almağı arzulayır. Sənin necə, qəbul olunduğun ixtisas üzrə təhsil almaq arzun var idi?

- Belə deyim, atam riyaziyyat fənnini çox yaxşı bilirdi, mən də həmçinin. Birlikdə həmişə riyaziyyat məsələləri həll edər, müzakirələr aparardıq. O, məni "riyaziyyatın atası” adlandırardı. Fikrimcə, riyaziyyatı yaxşı bilən birisindən yüksək perspektivli maliyyəçi çıxar. Bacarıqlarımı nəzərə alaraq maliyyə ixtisasını özümə daha uyğun bildim.

- Hazırda dərslərin necə gedir? Universitet həyatına uyğunlaşa bilirsən?

- O qədər də yaxşı getmir. Mən tələbəliyi daha maraqlı təsəvvür etmişdim. Təəssüflər olsun ki, elə deyilmiş. Uyğunlaşmaq məsələsinə gəldikdə isə hələ qrup yoldaşlarımı və heyəti demək olar tanımıram. Zamanla yəqin ki, uyğunlaşaram.

- Təhsil aldığın universitetdə atanın şəhid olduğunu bilirlər?

-Xeyr, bilmirlər. Sadəcə dekanlıq bilir. Düzü, bu barədə danışmaq istəmirəm. Çünki yaralı yerimdir...

- Səncə, atan ali məktəbə qəbul olunduğunu bilsəydi, hansı hissləri keçirərdi?

- Atamın ən böyük arzularından biri idi ki, mən ali məktəbə qəbul olum. Düzdür, bu yolda əsas amil olan atamı, dayağımı itirdim. Amma bu, onun arzusu idi, mən onu həyata keçirməliydim. Şükürlər olsun ki, bunu bacardım. Kaş ki, doyunca yaşaya bilmədiyim sevincimə o da şərik olardı...

- Atanın səninlə bağlı hansı arzuları var idi? Səni gələcəkdə necə biri olaraq görmək istəyirdi?

- Az öncə qeyd etdiyim kimi atamın ən böyük arzularından biri mənim universitetə qəbul olunmağım idi, əfsus ki, bunu görə bilmədi. Atam məni həmişə yüksək zirvələrdə görmək istəyirdi.

- Gələcəklə bağlı planların nələrdir? İxtisasın üzrə çalışmaq istəyirsən, yoxsa fərqli sahə seçəcəksən?

- İxtisasım üzrə ölkəmizdə təhsil almaq, çalışmaq istəyirəm. Təcrübə qazandıqdan sonra təhsilimi xaricdə davam etdirməyi düşünürəm. İnformasiya texnologiyaları ixtisasına da çox marağım var, gələcəkdə həmin istiqamət üzrə də təhsil almağı planlaşdırıram.

Azərbaycan ordusunun leytenantı Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1986-1988-ci illərdə Kimya-Biologiya təmayüllü liseydə təhsil alıb. 1994-2000-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1991-1994-cü illərdə Qarabağ müharibəsində vuruşub. Vətən müharibəsi zamanı da şücaətlə döyüşüb. Müharibə zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb. 2020-ci il oktyabrın 14-də Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Vəfatından sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Şəhid zabitimiz Bərdə rayonunun Kələntərli kəndində dəf olunub.