24 10 2021-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/10/2021
22/10/2021
21/10/2021

Pakistanlı güləşçidən Azərbaycan təmsilçisinə ağır ittiham

27.09.2021

Pakistanın çimərlik güləşçisi Məhəmməd İnam Rumıniyanın Konstanta şəhərində keçirilmiş Dünya Seriyasının final mərhələsində Azərbaycan təmsilçisi İbrahim Yusubovun ukraynalı Aleksey Yakovçukla görüşünün danışılmış olduğunu idda edib.

DM-in hit.az-a istinadən məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü videomüraciətində açıqlama verib.

O deyib ki, özünün 90 kq çəki dərəcəsində yarımfinala çıxmasının qarşısnı almaqdan ötrü Yakobçuk Yusubova qəsdən uduzub: "Təsəvvür edin ki, 3:0 hesabı ilə qalib gəldiyim azərbaycanlı güləşçi finalda çıxış edir. Mən onu mühakimə edirəm. Bu, əsl danışılmış qarşılaşmadır. Biz Rumıniya Güləş Federasiyasına və Dünya Güləş Birliyinə şikayət etmişik ki, insidenti araşdırsınlar, danışılmış olduğunu üzə çıxarsınlar və mənim haqqımı versinlər".

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məsələyə münasibət bildirib. O bildirib ki, pakistanlı güləşçinin belə açıqlama verməsi təəssüf və təəccüb doğurur: "Çünki bu iddianın əsası yoxdur. Belə ciddi yarışda bunun baş verməsi inandırıcı deyil və sübuta ehtiyacı var. Əsassız, sübutsuz hansısa idmançını, həmkarını ittiham etmək ən azı etik deyil. Ukraynalı güləşçi İbrahimə qalib gəlmək istəyirdi ki, qrup birincisi kimi növbəti mərhələyə vəsiqə qazansın. Çünki qrupdakı birinci yeri tutmaqla yarımfinalda Dato Marsaqişviliyə (Gürcüstan) rəqib olmaq istəmirdi. İstəyir ki, Mahmut Seyfi Özkaya ilə üz-üzə gəlsin. Həmin qarşılaşma gərgin mübarizə şəraitində keçdi, ancaq İbrahim qalib gəldi".

Musalı çimərlik güləşində sensasiyalı nəticələrin çox olduğunu vurğulayıb: "Bəzən məğlub olduğun idmançıya sonra qalib gəlirsən. Ola bilər ki, pakistanli idmançı qrupda İbrahimə qalib gəldikdən sonra təmsilçimizin qrupdan çıxaraq çempion olmasının təsiri altında bu fikirləri səsləndirib. Yəni, "Mən qalib gəlmişdim, ancaq o qrupdan çıxdı və çempion oldu" məntiqi ilə danışıb. Çimərlik güləşində belə nəticələr olur: qrupda qalib gəldiyin idmançı medal qazana, sən isə medalsız qala bilərsən".

Qeyd edək ki, Məhəmməd İnam qrup mərhələsindəki ilk yarış gününü gecikdiyi üçün buraxmalı olub. O, ertəsi gün birinci görüşündə Aleksey Yakovçuka 0:3 hesabı ilə uduzsa da, ikinci qarşılaşmasında İbrahim Yusubovu eyni hesabla yenməyi bacarıb. Üçüncü görüşündə onun yunanıstanlı Mixail Tsikovani ilə qarşılaşması rəqibi döyüşdə iştirak etməməsi üzündən baş tutmayıb. Nəticədə İnam qrupda üçüncü yeri tutub və mübarizəni dayandırıb. Yarımfinala isə İbrahim Yusubov və Aleksey Yakovçuk yüksəyib. Yusubov finala gedən yolda Mahmut Seyfi Özkayanı (Türkiyə) 3:0, həlledici dueldə isə Dato Marsaqişvilini (Gürcüstan) 3:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.