06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heç kim Bakıdan bunu tələb edə bilməz - Aznevi

06.09.2021

Axar.az Türkiyənin Ankara Vəkillər Kollegiyasının üzvü, "Hüquqi tərəfləri ilə Türkiyə və Azərbaycanın ortaq erməni problemi: Yuxarı Qarabağ və 10 noyabr bəyannaməsi” kitabının müəllifi, vəkil Fərhad Aznevinin (Ferhat Aznevi) müsahibəsini təqdim edir:

- Bu gün Ermənistan hər cəhdlə 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində yaxalanan erməni terrorçularını hərbi əsir kimi qələmə verməyə çalışır. Ümumiyyətlə, beynəlxalq hüquqa görə kimlərə hərbi əsir deyilə bilər?

- 10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın bölgədə hüquqi cəhətdən əlini gücləndirib. Çünki Ermənistan bu bəyanata imza atmaqla həm də özünə bağlı silahlı birləşmələri geri çəkmək öhdəliyini də üzərinə götürüb. Ancaq Ermənistan hər zamankı kimi üzərinə götürdüyü bu və digər öhdəlikləri yerinə yetirməyib. Dolayısı ilə Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında özünü "dqr”adlandıran separatçıların və onlara bağlı qanunsuz silahlı birləşmələrin Azərbaycan dövləti tərəfindən terrorçu kimi görülməsi təbiidir, vacibdir və qanunauyğundur. Sözügedən silahlı qruplara münasibətdə isə beynəlxalq humanitar hüququn normalarına istinad edilə bilməz. Çünki BMT-nin qərarlarında göstərildiyi kimi, ancaq iki dövlət arasında gedən müharibələr zamanı ələ keçirilən hərbi qulluqçular əsir sayıla bilər və onlara münasibətdə beynəlxalq humanitar hüququn müddəaları əsas tutulur. Qarabağda qondarma rejimə bağlı silahlı qruplar isə terrorçudur.

- Azərbaycan artıq 10 aydır ki, erməni terrorçularının bölgədən çıxarılmasını gözləyir. Ancaq təəssüf ki, nə Ermənistan, nə də rus sülhməramlıları öz vəzifələrini yerinə yetirir. Sizcə, beynəlxalq hüquqa görə Azərbaycan öz ərazisini bu terrorçulardan təmizləmək üçün yeni bir antiterror əməliyyatına başlaya bilərmi?

- Gəlin, məsələni daha aydın şəkildə anlamaq üçün öncə Ermənistanın tezislərinə diqqət yetirək. Ermənistana görə, orada bir "arsax” dövləti var. Ancaq bu qurum separatçı və uydurmadır. Bu uydurma dövlətin mövcudluğunun qanunsuz və beynəlxalq hüquqa zidd olmasını tək biz demirik, eyni zamanda BMT və digər beynəlxalq təşkilatlar deyir. Bu ərazilər beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınıb. BMT Nizamnaməsində, keçmiş SSRİ Konstitusiyasında dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsi xüsusi vurğulanıb. Eyni zamanda 1992-ci ildə Azərbaycan BMT-yə, 2001-ci ildə Avropa Şurasına müstəqil və bərabərhüquqlu üzv dövlət kimi qəbul olunarkən Qarabağ Azərbaycanın ərazisi olaraq tanınıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın 44 gün ərzində apardığı Vətən müharibəsini biz həm də genişmiqyaslı antiterror əməliyyatı kimi də dəyərləndirə bilərik. Çünki Gəncə, Bakı kimi Qarabağ da Azərbaycan ərazisidir. Digər tərəfdən, Azərbaycan 10 noyabr bəyanatından sonra yaxalanan silahlı erməniləri daxili qanunvericiliyi əsasında mühakimə etməkdə və cəzalandırmaqda tam şəkildə haqlıdır.

- Bu gün Ermənistan Rusiya, Fransa və digər dövlətlərdən Azərbaycana yaxalanan erməni terrorçularının geri təhvil verilməsi üçün təzyiq göstərilməsini istəyir. Bəzən isə erməni terrorçuları ilə bağlı sözügedən ölkələrdə müxtəlif səviyyələrdə Azərbaycana qarşı haqsız və absurd ittihamlar səsləndirilir...

- Azərbaycan dövləti o terrorçuları həbs edib, çünki onlar bəyanat imzalandıqdan sonra onun ərazisinə qanunsuz şəkildə daxil olaraq tələfatla nəticələnən təxribatlar törədiblər. Bir vəkil kimi, qəti şəkildə bunu deyə bilərəm ki, heç kim Azərbaycandan bu terrorçuların hərbi əsir kimi Ermənistana geri qaytarılmasını tələb edə bilməz. Sizin də qeyd etdiyiniz kimi, bu gün Ermənistan Rusiya, Fransa və digər dövlətlərdən bu məsələdə Azərbaycana təzyiq göstərilməsini istəyir. Əslində isə bu dövlətlər əgər dürüstürlərsə, Ermənistana "Sənin əsgərinin Azərbaycan torpağında nə işi var” sualını verməlidirlər.