04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mkrtiçyan və Xosrovyanın məhkəməsi

30.06.2021

 İyunun 30-da Bakı Hərbi Məhkəməsinin mühakimə etdiyi Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə məhkəmə iclasında şahidlərin ifadələri dinlənilib.

DM-in məlumatına əsasən, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda şahid Ceyhun Vəlibəyov Xosrovyanın saxlanılmasından danışıb.

O bildirib ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Cəbrayılda pusqu qurublar:

"Biz pusqu qurmuşduq. UAZ markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".

Digər şahid Tural Davudov isə qeyd edib ki, Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb:

"Biləndə ki, biz Azərbaycan hərbçiləriyik, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O, bizi zərərsizləşdirmək istəyirdi”.

Dövlət ittihamçısı Mahir Abbasov Alyoşa Xosrovyana suallar ünvanlayıb. Xosrovyan "Yerkrapa” yarıhərbi erməni təşkilatının Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı döyüşdüyünü xatırladıb:

"2020-ci il oktyabrın 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayılı işğaldan azad ediblər. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl”.

Zərərçəkmiş Zahid Həsənov deyib ki, 1994-cü ildə Xankəndidə rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında isə Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr veriblər.

Prokurorun suallarını cavablandıran Lüdvik Mkrtiçyan qeyd edib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb.

O, azərbaycanlılardan heç bir ziyan görmədiyini deyib, daha sonra əlavə edib ki, 1993-cü ildə Ağdərədə könüllü əsgər kimi müharibədə iştirak edib. O, Ağdərədən əvvəl yalnız Hadrutda olduğunu (1984-cü ildə) deyib.

"1994-də atəşkəs elan olunduqdan sonra isə Suqovuşanda olmuşam. Xocalı şəhərinin Azərbaycan ərazisi olduğunu, ermənilərin orada qırğın törətdiklərini televiziya kanallarından öyrənmişəm”.

Zərərçəkmişlər hər iki şəxsin – Mkrtiçyan və Xosrovyanın onlara işgəncə verdiyini və Azərbaycan dilində yaxşı danışa bildiyini vurğulayıblar. 

Qeyd edək ki, növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı "Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.

Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.  

İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb.

Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.

İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının "müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin 3 oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.