04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məğlubiyyətə zəfər qatan qardaşlıq simvolu

17.06.2021

Bu reportajı daha həvəslə yazacağımı gözləyirdim. Ən azından dünən hamımız jurnalist peşəsini 90 dəqiqəlik kənara qoyub, bir Türkiyə azarkeşi idik. Və dünən təəssüf ki, istədiyimiz qələbəni görə bilmədik.

Eybi yox. Təsəlli kimi olmasın, amma hər şərdə bir xeyir var. Bəlkə bu uğursuzluq gələn il Qətərdə keçiriləcək dünya çempionatının uğurunun başlanğıcıdır…

Dünən AVRO-2020-nin final mərhələsi çərçivəsində Bakıda ikinci oyun keçirilirdi. A qrupunun Bakıda keçirilmiş birinci oyununda (Uels – İsveçrə) azarkeş sayı məhdud idi. Cəmi 8 782 tamaşaçı iyunun 13-dəki matça təşrif buyurmuşdu. Məncə, bunun səbəbi hamıya məlumdur. Həmin iki milli istər məsafə, istər dil baxımından bizim azarkeşlərə yad komandalardır. Bu səbəbdən də həmin oyuna o qədər də maraq yox idi.

Amma Türkiyə millisi Bakıda oynayırsa və bu, 44 günlük müharibənin zəfəri zamanı Azərbaycana siyasi və mənəvi baxımdan ən böyük dəstəyi vermiş Türkiyənin yığmasıdırsa... Deməli, istər türkiyəli, istərsə də azərbaycanlı azarkeşlərin stadionda çox olacağı gözlənilirdi. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Şuşa səfərindən sonra Bakıya gələrək bu matçı ölkə başçımız İlham Əliyevlə birgə izləyəcəkdi. Bəli, mən də bu ajiotajı gözlərimlə görmək üçün üz tutdum Türkiyə – Uels matçının keçirildiyi Bakı Olimpiya Stadionuna (BOS). Stadiona getmək üçün qəsdən metro variantına üstünlük verdim. Çünki metrodakı ab-havanı görmək mənə daha maraqlı gəlirdi.

Artıq vaqonlarda Türkiyə formaları geyinmiş gənclər gözümə görünməyə başlandı. BOS-un yaxınlığındakı "Koroğlu” metrostansiyasında qatardan düşərkən AVRO-2020-nin həyəcanını yaşadan simgələr göz önündə əks olunurdu. Üzərində "Ask me” (Məndən soruşun) yazılmış könüllülər elə metronun içərisindən qonaqlara hara getməli olduğunu izah edirdi. Baxmayaraq ki, türkiyəli azarkeşlərin könüllülərin yardımına da çox ehtiyacı yox idi. Çünki dil yaxınlığı elə onların sadə azərbaycanlıdan yardım almasına kifayət edirdi.

Nəhayət metrodan çıxdım. Artıq AVRO-2020 mənzərəsi daha da rəngarəngləşmişdi. Hər tərəfdə ağ və ya qırmızı rəngdə olan Türkiyə millisinin formasını geyinmiş azarkeşlər stadiona getməyə tələsirdi. BOS-a gedən yolda milli rəqs alətlərimizdə (əsasən nağara), saksofon və barabanlarda ifa edənlərdən ibarət dəstələr çoxalır, qonaqları milli rəqsimizə dəvət edirdilər. Bütün bunların Yerli Təşkilat Komitəsi tərəfindən təşkil olunduğunu bilmək üçün onların üzərlərində olan akkreditasiya vəsiqələrinə baxmaq kifayət edirdi.

Stadiona girişə yaxınlaşdıqca Avropa çempionatının həyəcanı daha da artırdı. Çünki artıq xaricdə gördüyümüz azarkeş sevgisinin təzahüratı gözlərim önündə əks olunur. Əsasən türklər bu oyun üçün xüsusi hazırlanmış şərfləri, üzərində "Azərbaycan” və "Türkiyə” sözləri yazılmış xüsusi rəmzləri satırdı.

Az qala yadımdan çıxmışdı. Hamıya Azərbaycan və Türkiyə bayraqları pulsuz paylanırdı. Mən ora çatanda artıq Türkiyə bayraqları tükənmişdi. Kim tərəfindən paylandığını soruşduqda "dövlət” cavabını aldım. Dərhal da yadıma Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirin TRT-yə verdiyi müsahibə yadıma düşdü. O, oyundan bir gün əvvəl "azarkeşlərə Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da veriləcək. Bu, qardaşlığımızın simvoludur” cümləsini işlətmişdi.

…Nəhayət stadionun bilet yoxlama məntəqəsindən keçirik. Girişdə insanlara pulsuz tibbi maska da verilirdi. Yeri gəlmişkən, pandemiyadan irəli gələn şərait stadionun içərisində də əks olunmuşdu. Təxminən 70 minlik stadiona 35 min azarkeşin buraxılmasına icazə verildiyindən (rəsmi statistikaya əsasən 19 762 tamaşaçı stadionda yerini almışdı – S.M.), tamaşaçı tribunalarında bir yerdən bir "Əyləşmək olmaz” xəbərdarlığı var idi.

Yeri gəlmişkən, təhlükəsizlik qüvvələri metrodan başlayaraq düz stadionun içərisinə kimi yaxşı təşkilatlandırılmışdı. Yoxlamadan tutmuş stadionun içərisində asayişin təşkilinə kimi hər şey. Məsələn, yer aldığım sektorda özünü yaxşı aparmayan iki şəxsin tribunadan uzaqlaşdırılmasının şahidi oldum.

Mənim yerim 8-ci yerdə idi. Digər həmkarlarımın da əyləşdiyi bu sektorda bir yaşlı, uzun ağ saçlı türkiyəli "omiqo” da vardı. Bilməyənlər üçün deyim ki, "omiqo” futbolda sakit duran tamaşaçıları belə coşdurmağı bacaran insanlara deyilir. Adətən qızğın futbol oyunlarında hər sektorda bir belə "omiqo” olur. Bizim sektorda bu vəzifəni Rəcəb Gülər adlı "omiqo” üzərinə götürmüşdü. Lakin etiraf etməliyəm ki, onun işi heç də asan deyildi. Çünki bizim futbol azarkeşləri üçün türk üslubunda çılğıncasına sevinmək yad idi. Bəlkə də bu üzdən artıq ilk hissədən sonra çılğın Gülər də adi azarkeş kimi tribunadan matçı izləməyə başladı.

Elə oyun özü də yerli və türk azarkeşlərin ümidlərini doğrultmadı. Türkiyə millisi ərazi üstünlüyünə malik olsa da, real qol vəziyyətlərini uelslilər yaratdı. Uels hər hissənin sonunda bir qol vurub türk azarkeşləri özündən çıxartdı. Əvvəlcə Qaret Beylin möhtəşəm ötürməsindən sonra müdafiəçilərin diqqətindən qaçan Aaron Remzi 42-ci dəqiqədə hesabı açdı. Uelsin kapitanı və "Tottenhem”in ulduz futbolçusu olan Beyl 90+5-ci dəqiqədə də məhsuldar ötürməyə imza atdı. Bu dəfə Konor Roberts onun ötürməsini dəyərləndirdi.

İndi Türkiyə millisi ən yaxşı dörd qrup üçüncüsündən biri kimi 1/8 finala çıxmaq üçün mütləq şəkildə son turda qalib gəlməlidir. İyunun 20-də Türkiyə millisi BOS-da İsveçrə millisinə qalib gəlməklə paralel, öz şansını da gözləməyə məcbur olacaq.

İstənilən halda, stadiondan məyus ayrıldıq, istədiyimiz olmadı… Yox, əslində istədiyimiz oldu. Dünən bütün dünya stadionda Türkiyə millisinə dəstək olan azərbaycanlı azarkeşləri gördü. Düşünürəm ki, biz əsas məqsədimizə də çatdıq. İndi artıq hamı Azərbaycan – Türkiyə qardaşlığını bilir, bu dostluğun hansı köklərə malik olduğunu yaxşı anlayır. Dünyanın heç bir yerində bu cür sıx qardaşlıq nümunəsini görmək mümkün deyil. Oyun fasiləsində birgə qılınan bu namazdakı kimi...