06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan narazılıq bildirilib

19.05.2021


Mayın 19-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrlərinin videoformatda görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə postmüharibə dövründə regionda cərəyan edən hadisələr ətraflı müzakirə olunub.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçular, Ermənistanla sərhəddə yaşanan gərginlik kimi məsələlərlə maraqlanıb.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev regiondakı son vəziyyət barədə ətraflı məlumat verib, qarşı tərəfi maraqlandıran məsələlərə aydınlıq gətirib, bir çox sualları cavablandırıb.

Cavanşir Feyziyev Ermənistanın 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan ərazisinə göndərdiyi təxribatçıları "hərbi əsir”, Azərbaycan tərəfinin azad olunmuş ərazilərdə dövlət sərhədini gücləndirmə tədbirlərini özünə isə "hücum” kimi qələmə verməyə çalışdığını qeyd edib. O, Ermənistanın bu istiqamətdə həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyəti çaşdırdığını qarşı tərəfin diqqətinə çatdırıb. Qeyd olunub ki, Ermənistan tərəfi ələ keçirilən diversantların sayını da şişirdib və çox güman ki, müharibədə itkin düşən əsgərlərini də terrorçuların siyahısına əlavə edib.

Görüşdə Avropa Parlamentində mayın 20-də müzakirəyə çıxarılacaq "Ermənistan ilə Azərbaycan arasında ən son münaqişədən sonrakı hərbi əsirlər” adlı qətnamənin layihəsi müzakirə olunub və Azərbaycan tərəfinin qətnamənin mətni ilə bağlı narazılığı bildirilib.

Sərhəddəki gərginliyin isə Ermənistanın işğal zamanı Azərbaycan ərazilərinə keçərək postlar qurması və zəbt etdiyi ərazilərdə məskunlaşdırma aparmasından qaynaqlandığı bildirilib. Bu problemlə bağlı hər iki ölkənin sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparıldığı qeyd olunub.

Cavanşir Feyziyev Qərb dairələrinin Ermənistan tərəfinin təqdim etdiyi birtərəfli, saxta informasiyalarına əsaslanaraq Azərbaycana qarşı ittihamlar irəli sürməsinin anlaşılmaz olduğunu deyib. Bu həssas yanaşmanın Azərbaycan torpaqlarının işğalı vaxtı, işğal olunmuş ərazilərdəki tarixi-mədəni irsin ermənilər tərəfindən dağıdılması zamanı niyə göstərilmədiyini soruşub.

Milli Məclisin deputatı görüşdə Azərbaycanın regionda sülhün və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. O, Ermənistan siyasətçilərinin hazırkı ritorikasının ölkədə bu yaxınlarda keçiriləcək seçkilərlə bağlı olduğunu, daxili auditoriyaya hesablandığını istisna etməyib. Deputat bildirib ki, çox güman, seçkidən sonra buna ehtiyac qalmayacaq və biz Ermənistanın bölgənin gələcək inkişafı ilə bağlı niyyətinin nə olduğunu daha dəqiq biləcəyik.