09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Güzəştli mənzil”dən xəbər var

27.07.2018

"Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər başa çatdırılıb.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən bildirilib ki, "Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə MİDA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.
"Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young” nüfuzlu beynəlxalq audit şirkəti cəlb edilərək, "Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması ("Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib. Cari il iyulun 20-də "Ernst & Young” şirkəti "Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırıb və əldə olunmuş nəticələrə dair "SOC 2” və "SOC 3” rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil” sisteminin etibarlığı və əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.
SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur. "SOC 2” və "SOC 3”, "WebTrust” və "SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə edən təşkilatlar sırasına elektron xidmət göstərən "Google” (https://cloud.google.com/security/compliance/soc-3/) və "Amazon” (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri vardır.
"Güzəştli mənzil” sistemi "Ernst & Young” şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda "SOC 2” və "SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı "Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
"Güzəştli mənzil” sistemi əsasnaməsinə uyğun olaraq "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb və ona inteqrasiya edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlılığının artırılması məqsədilə "Data mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilib və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil” sistemində fəaliyyətinin dayanıqlılığının artırılması istiqamətində sınaqlar keçirilib. Aparılan işlər artıq başa çatmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.