08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dəmirçi-Lahıc avtomobil yolu istifadəyə veriləcək

26.07.2018

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Dəmirçi-Lahıc avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Hazırda yolboyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır.
Bu işlər çərçivəsində torpaq-çınqıl örtüklü olan və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 5-6 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və daşınması, III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və yararlı karxana çınqılı tökülüb, genişləndirilib və kipləşdirilərək avtoqreyderlə profilə salınması, torpaq yatağının layihə hündürlüyünə çatdırılması və çiyin hissələrin bərkidilməsi işləri aparılır. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrdən çox sahəni əhatə edir.
Sadalanan işlər yekunlaşmış ərazilərdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 20 santimetr hündürlükdə alt və 15 santimetr hündürlükdə üst qatının tikintisi işləri aparılır. Bu işlər 120 min kvadratmetrdən çox sahəni əhatə edir. Yol əsasının inşasının ardınca əlaqələndirici bitum səpilməklə yolun asfaltlanması işləri də görülür. Yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Dəmirçi-Lahıc avtomobil yolu çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün, həmçinin bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda müxtəlif təyinatlı mühəndis qurğuların inşası, yol yatağının əlavə bərkidilməsi işləri aparılır. Belə ki, xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, 18.7 kilometr uzunluğunda trapesiya en kəsikli küvetlər inşa edilir.
Bundan başqa, layihəyə uyğun olaraq yolboyu müxtəlif diametrli və uzunluqları 400 poqonmetr olan 14 ədəd suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi və izolyasiyasi, 5 ədəd dördbucaqlı dəmir-beton suötürücülərin inşası, 1.6 kilometr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və 6.7 kilometr uzunluğunda dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisi və izolyasiyası işləri aparılır.
Tikinti norma və qaydalarına uyğun olaraq yolun istiqamətinə düşən çaylar üzərindən 3 avtomobil körpüsünün inşası işləri aparılır. Belə ki, yolun 1.9-cü kilometrliyində uzunluğu 60 metr olan 3 aşırımlı, yolun 4.6-cı kilometrliyində uzunluğu 10 metr olan 1 şırımlı və yolun 6.2-ci kilometrliyində uzunluğu 24.5 metr olan 1 aşırımlı avtomobil körpüsü inşa edilir. Bundan başqa 50 metr uzunluğunda sunizamlayıcı və sahilbərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.
Yeni avtomobil yolunun tikintisi işləri çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq sonuncu mərhələdə yolboyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 65 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.
Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yolboyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişindaşımasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində, turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yolboyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.