03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ömürlük distant təhsilə keçid artıq reallıqdır

16.03.2021

 Pandemiya ilə əlaqədar dünya  ağır dönəmdən keçir. Bütün sahələr kimi təhsilə də ağır zərbələr dəyib. Professor, iqtisadçı alim Saleh Məmmədov hesab edir ki, biz rəqəmsal təhsilə keçməkdə onillərlə gecikmişik və bu gün pandemiya bizi öz acı reallığımızla qarşı-qarşıya qoyub, təhsil ocaqlarının, xüsusilə, ali təhsilin, magistratura və doktoranturanın onlayn sistemə keçirilməsi cəmiyyətin və inkişafın çox problemlərini həll edə bilər.

"Sovet dövrü, 1988-ci ildə Sovet rəhbərliyi ölkənin kompüterləşdirilməsi haqqında qərar qəbul etmişdi və bütün təhsil ocaqlarında müəllimlər üçün kurslar təşkil olunmuşdu. Üstündən 33 il keçir, hələ biz hər şeydən xəbərsiz kimi davranırıq. İndi isə koronovirus məcbur edir”,- deyə alim bildirib.

"Azərbaycan rəqəmsal dünyaya, elektron hökümətə ilk keçid elan edən ölkələrdən biridir, 2004-cü ildə ilk proqram qəbul olunmuş, ciddi həcmdə maliyyə ayırılmışdı. Proqramın zəif yerinə yetirildiyini nəzərə alaraq Prezident son 2018-ci il fərmanlarıyla bu il prosesin tam başa çatdırılması göstərişini verdi. Ölkənin bütün elektronlaşması üzrə ciddi addımlar atılmalıdır, amma təhsil sistemi təcili, yəni bu gün, sabah rəqəmsal xəttə düşməlidir”, - deyən alim yol xəritəsini də göstərib:

"Hansı tədbirlər görülməlidir? Bu təklifləri bir neçə dəfə müxtəlif platformalardan irəli sürmüşəm.

Rəqəmsal təhsil haqqında qanun və ya qanun qüvvəli qərar hazırlanması və zəruri büdcə ayrılması vacibdir. Büdcə Təhsil Nazirliyinin icmal büdcəsi daxilində ayrıla bilər və elə böyük məbləğdən söhbət getmir. Rəqəmsallaşmanın proqram təminatının hazırlanması üçün tender elan olunması və bütün ölkə miqyasında vahid elektron sistem qurulması vacibdir. Hazırda həyata keçirilən pərakəndə elektron təhsil zəifdi və çox bahalıdı. Bu sistemlə sonradan koordinasiya və idarəetmə sistemini qurmaq həm çox çətin, həm də səmərəsiz olacaq. Ümumi qaydalar eyni olduğu kimi proqram təminatı da eyni olmalıdır.

Bir gerçəkliyi qəbul etməliyik: yaxın illərdə klassik dünyada həyata keçirdiyimiz bütün fəaliyyətlərimizin elektron variantı ortaya çıxacaq, yəni hamısı rəqəmsallaşacaq”.

Saleh Məmmədov rəqəmsal təhsilin faydaları barədə danışaraq onun iqtisadi səmərəsini də qeyd edib.

"Rəqəmsal təhsil bu məqsəd üçün sərf olunan vaxta ən azı 50% qənaət edir. Ölkə üzrə 2 milyondan çox təhsilalan və müəllim var. Bir insanın təhsil ocağına gəlməsi və qayıtması orta hesabla gündə iki saat vaxt aparır. Yalnız bu səbəbdən gündə 500 min adam/gün (8 saatlıq iş günü üzrə) itkiyə gedir.

Bu insanların istifadə etdiyi nəqliyyat vasitələrini, trafik sıxıntılarını, tıxacları və yola çəkdiyi məsrəfləri, yanacağı, nəqliyyat vasitələrini idarə edənlərin məsrəflərini hesablasaq, gündəlik milyonlarla vəsaitin sovrulmasını görmüş oluruq. Hələ rayonlardan gələn şagirdləri, müəllimləri, xaricdən cəlb olunan professor-müəllim heyətini nəzərə alsaq, çox böyük həcmdə qənaət və rahatlıq əldə edilə biləcəyinin şahidi olarıq.

Universitetlərdə, məktəblərdə bina, avadanlıq, mebel çatışmazlığı, onlara çəkilən xərc günü-gündən artır. Təhsil büdcəsinin böyük hissəsi bu məqsədlər üçün xərclənir. Rəqəmsal təhsillə bu problemə ömürlük xitam vermək olar .

Rəqəmsal onlayn təhsil vasitəsilə bütün sərhədlər aradan götürülür, çox bahalı dünya alimlərini və yerli müəllimləri rahat hər yerdə təhsilə cəlb etmək olar və buna klassik təhsillə müqayisədə bir neçə dəfə az məsrəflə nail olmaq mümkündür.

Dünyanın bir çox ölkələrində mindən çox Azərbaycanlı alim fəaliyyət göstərir, bunların hamısını onlayn təhsilə cəlb etmək mümkündür. Ölkənin daxilində məhşur alimlərin mühazirələrinə və ya müəllimlərin dərslərinə bir çox qrupları cəlb etmək mümkündür və bunların da hamısını açıq efirə buraxmaqla elmin ictimailəşməsinə nail olmaq mümkündür.

Bu məsələ barəsində bir neçə il əvvəl Təhsil Nazirliyinə təklif vermişdim ki, tanınmış alimlərin və müəllimlərin dərsləri, olimpiadalara hazırlıq dərsləri bütün ölkə üzrə sosial şəbəkələr vasitəsilə ictimailəşsin, birbaşa efirə verilsin, "Youtube"da yerləşdirilsin. Bu, təhsilin ümumi inkişafı üçün çox böyük fayda verə bilərdi. Əhalinin əsasən Abşeron iqtisadi rayonunda cəmləşməsi və təbii artımın azalması ilə əlaqədar kənd məktəblərində oxuyan şagirdlərin sayı sürətlə azalır, kəndlər boşalır. Elə siniflər var ki, 2-3 nəfər şagird var. 3 nəfər üçün tam müəllim ştatı saxlanması heç bir məntiqə sığmır. Belə halda on məktəbin şagirdlərini birləşdirib prosesi dəfələrlə az məsrəflə və daha rahat şəkildə tənzimləmək olar.

Dərsliklər və dərs vəsaitlərinin rəqəmsallaşdırılması həm tələbələrin, həm də ümumiyyətlə dövlətin məsrəflərini bir neçə qat azalda bilərdi, kağız istehlakını 90% azalda bilərdi, bu da təbii ki, ekologiyanın yaxşılaşmasına ciddi töhvə olardı”.

Saleh Məmmədov hesab edir ki, rəqəmsal təhsil problemlərin həlli üçün hökümətin üzərinə ciddi vəzifələr düşür : "Bu sahədə internet təminatı, internet texnologiyaları və soft proqram təminatı istehsalının qurulması bu günün deyil, dünənin, 10-20 il əvvəlin işi idi. Hazırda Azərbaycanda elmi məhsul (soft proqramlaşma daxil) istehsalı demək olar ki, sıfır vəziyyətindədir. Sözügedən problemlərin həllinə nail olmaqla biz təhsilimizi dünya təhsil sisteminə inteqrasiya etdirə bilərik”.