06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kriminal təsəvvüf - ictimai ritorika

10.03.2021

 Camal Zeynaloğlunun «Muzdlu qatillər» romanı epik karkası detektiv detal üzərində qurulan əsərdir.

Zənnimizcə, real ədəbi zəmin, müfəssəl epik səciyyə detektiv janrda da özünü qabarıq göstərə bilər. Bunun üçün yazıçı bütün ədəbi kriteriyalara fikir ötürməli, dinamik tərzləri bu aralıqda bədii çalarlarla zənginləşdirməlidir. Açığı, uzun illərdir bu janra müraciət edənlərin əksəri sadəcə, təhkiyəvi yönü daha məqbul sayır, hadisələri quru (rəsmi) faktlara bürüyür və bədii təsvirdən (sanki) çəkinir. Elə buna görə də detektiv janrı (çox hallarda) bəsit xəfiyyə ədəbiyyatı kimi də xarakterizə edirlər... 

Əslində, detektiv ədəbiyyat da bədii ədəbiyyatın bir növüdür; lakin bu növ təkcə faktların təhlili ilə gizli cinayətlərin açılmasına, xəfiyyələrin (detektivlərin) macəralarına əsaslanmamalıdır. Bu növ ədəbiyyat konflikti, əsasən, ədaləti, qanunsuzluğu, nəhayət, son nəticəni bədii-müfəssəl təsvirlə cilalamalı, oxucunu yormamalı, hansı cinayətin hansı maddə ilə möhürləndiyini aydın göstərməlidir... 
Bu yazıda məqsədimiz detektiv janrın nə vaxt yaranması, hansı kriteriyalara zəmin verməsi və s. barədə uzun-uzadı çək-çevir etmək deyil, çalışmışıq ki, istedadlı yazıçı Camal Zeynaloğlunun «Muzdlu qatillər» romanına detektiv əhval verə bilək, isbat edək ki, bu roman detektiv atmosferin çalarlarına cavab verir, ya yox... 

Başlanğıc olaraq deyək ki, «Muzdlu qatillər» təxminən 20-25 il əvvələ aid hadisələri özündə ehtiva edir. Biz romanı diqqətlə oxumuşuq, orada süjet dağınıqlığına, fakt və dəlillərin pərakəndəliyinə, günahın sübutu zamanı müəllif diqqətsizliyinə, əsas etibarilə, hadisələrin zəncirvari şəkildə əks-reaksiyasına rast gəlməmişik. Bu, bizdə roman barədə ilk (doğru) təəssüratlar yaradıb. Əminik ki, müəllifin tətbiq etdiyi üsullar - şahidlərin dindirilməsi, maddi sübutların toplanması, yalanın həqiqət qarşısında susması, insan resursundakı müxtəliflik proseduru və s. onun özünün (bir yazıçı kimi) detektiv ola bilmək bacarığını ifadə edir.

 Camal müəllim romanda öz kürəkəninə ölüm acısı yaşadan bir baronu (iddialı və imkanlı bir şəxsi) təsvir edib, şahidlər qorxu sığalı altında yalan ifadələr verir, pulun istisində xumarlanan müstəntiq də cinayətin üstünü açmaq marağında deyil. Bu aspektdə əsas yük mərhumun atasının üzərinə düşür. O, aylarını, illərini sərf edir, cinayət işinin tərkibini dəyişdirməyə müvəffəq olur və sonda gizli qalan mətləblərə hüquqi qiymət verilir. 
«Muzdlu qatillər»in «mətbəxi», sosial sifarişi kin zərurəti və bu zəmindən çıxış edən ictimai dayanıqlıdır. Müəllif mümkün qədər çalışıb ki, real həyat eskizlərini daha koloritli versin, hadisələrin gerçək məcradakı obyektivini yanlış təhlillərdən uzaq tutsun, ən əsası, fantaziyadan qaçsın. 
Cinayətlərin artdığı bir dövrdə narahatlığın çoxalması, qatili tapmaq istiqamətində Baş Obrazın (qəhrəmanın) apardığı mübarizə və araşdırma, sonda ədalətin zəfəri «Muzdlu qatillər»in detektiv janr kimi üslubi cəhətidir. Bu romanda Camal Zeynaloğlu sanki Vidok, Onore de Balzak, Edqar Allan Po, Çarlz Dikkens, Viktor Hüqo kimi məşhur yazıçılara xas əminliklə detektiv janrın rəng və xüsusiyyətlərini aşkar göstərə bilib, zəif tətbiqlərdən çəkinib, təsvirə, insan obrazları ilə qarşılaşan ictimai pafoslara, qadın taleyi üçün qorxunc tərz hesab olunan zərrəvi təhdidlərə və s. (belə deyək) ustalıqla yanaşıb, detektiv detallara sərrast istiqamət seçib. Lakin onun bu cür gediş etməsi tənqidçilərə (heç də) qəribə gəlməsin, çünki o, detektiv detalları əsərə daxil etməklə, düşünülmüş şirnikləşdirici zəmin yaratmayıb, əksinə, hadisələrin daha maksimallığına yön verib. 

«Muzdlu qatillər» epik karkası və ana süjeti (mümkün qədər) detektiv detallar üzərində qurulan əsərdir. Müəllif əsər boyu təhkiyə yolu ilə deyil, kriminal-ədəbi əhatə ilə oxucunu əsərlə qabaq-qənşər oturmağa vadar edir. Həmin əsəri oxuduqca (bir eksperiment olsun deyə), detektiv süjet xəttinə aid olan mətnləri ixtisar etsək, görərik ki, geridə qalan hissələr şişirdilmiş təhkiyyə dili, zəngin yorucu təsvir və hadisələrdən ibarət mətnlər yığını deyil, əksinə bitkin bir tərz yaradan epik təsir(lər)dir. Buna əsaslandığımız üçün əmin-arxayın deyirik ki, «Muzdlu qatillər» tərkibində təkcə bir-iki detektiv detal olduğu üçün deyil, əksinə, başdan-ayağa eyni kriminal prosesə istinad etdiyi üçün detektiv romandır və Camal müəllim oxucunu həyəcanda saxlamaq, hadisələri bir az sirli-pünhan şəkildə verməklə, əsərə olan marağı artırmaq istəyib. Bu baxımdan, romandakı detektiv çalar üç əsas prinsipə oblast verib: nisbətən qarışıq zəmində baş verən qətl hadisəsi, muzdlu qatil və pula həris müstəntiqdən daha müfəssəl-bilici (araşdırıcı) obraz - xəfiyyə (detektiv). Müəllif bu yöndə quru, sinxron, xronoloji aspektdə araşdırma işindən daha çox, hadisələrin prioritetliyinə cəhd edib, oxucunu əsərin üslubuna və dilinə uyğunlaşdırıb. 

Bunu da səmimi deyək ki, Camal Zeynaloğlu roman boyu ictimai-sosial problemləri ciddi məsələlər kimi ehtiva edib, (belə deyək) bəşəri əhəmiyyəti olmayan bir qətli vahid bir süjet əsasında sinxronlaşdırıb oxucu ilə gizlənqaç oynamaq məqsədi güdməyib, əksinə, xaos dövrünün yaşatdığı ağrı və acıların illər sonra hansı müsibətlər yaşadacağına işarə vurub. 

Həmçinin, bu əsərdə çoxları üçün ədəbi məşəqqət kimi başa düşülən affekt halı yoxdur; müəllif oxucunu mənasız, boş şeylərlə məşğul etmir, onda daha bitkin vətəndaş olmaq ruhu aşılayır. 
Eyni zamanda, burada psixoloji və sosioloji fəhm ədalətin pul altında əzilməsi faktı kimi çıxış etmir, məlum olur ki, (bəzi hallarda) nəfsi asılılıqla müşayiət edən hüquq məhkəmələri haqqın təsiri ilə iflas acısı yaşayır.

 Beləliklə, «Muzdlu qatillər»dəki kriminal-detektiv istiqamət Camal Zeynaloğlu yaradıcılığının əsas ədəbi tipi kimi daha zəruridir və əsərin oxucu sevgisi qazanacağı şübhəsizdir. 
                                                                                            Hikmət Məlikzadə,
                                                                                                    şair-publisist