03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtaliyada yeni hökumətin andiçmə mərasimi keçirildi

14.02.2021

İtaliyada yeni hökumətə rəhbərlik edəcək Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqinin və burada təmsil olunacaq nazirlərin andiçmə mərasimi keçirilib.

DM xəbər verir ki, mərasim İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Romada Kvirinal sarayında baş tutub. 73 yaşlı yeni Baş nazir M. Draqinin formalaşdırdığı hökumətdə sağçı və solçu partiyaların təmsilçiləri ilə yanaşı, bitərəf ekspertlər də yer alırlar. Hazırki hökumət 2018-ci ildə keçirilən parlament seçkilərindən sonra sayca üçüncü, İtaliya Respublikasının tarixində isə 67-cidir.

İtaliya mətbuatının məlumatına əsasən, andiçmə mərasimindən sonra nazirlər kabinetinin ilk iclası da keçiriləcək. Prezident S.Mattarelladan yeni hökuməti formalaşdırmaq üçün mandat aldıqdan sonra 10 gün ərzində bütün siyasi qruplarla danışıqları yekunlaşdıran və yeni hökumətin tərkibini təqdim edən M. Draqi hökumətin vaxt itirmədən fəaliyyətə başlamasını istəyir. Bununla o, gələn həftə ölkə parlamentində baş tutacaq etimad votumlarına da hazırlıqlı çıxmağa çalışır.

Yeni hökumətdəki 23 nazir postundan səkkizinə bitərəf ekspertlər təyin olunub. 15 nazir vəzifəsi isə ölkədəki əsas partiyaların təmsilçiləri arasında bölüşdürülüb. Yeganə olaraq ultrasağçı "İtaliya qardaşları” ("Fratelli d´Italia”) partiyası yeni hökumətdə təmsil olunmaqdan imtina edib. Bundan əvvəlki hökumətin süquta uğramasına səbəb olan "İtalia Viva” partiyası, eləcə də müxalifətdə olan, keçmiş Baş nazir Silvio Berluskoninin "Forza İtalia” və sabiq daxili işlər naziri Matteo Salvininin "Leqa” partiyaları da yeni hökumətdə təmsil olunurlar. Sağçı düşərgənin əsas simaları olan hər iki siyasətçi yeni hökumətə fəaliyyətində uğurlar arzulayıb.

Mario Draqi 2012-ci ildə ümumavropa valyutası olan avronun sabitləşməsi və maliyyə böhranın aradan qaldırılmasındakı fəaliyyətinə görə beynəlxalq müstəvidə "avronun xilaskarı” və ya "Mister Avro” titullarını daşıyır. Yaxın gələcək onun "İtaliyanın xilaskarı” tituluna da layiq olub-olmayacağını göstərəcək.