29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağdan 15 min erməni “itib”

04.02.2021

 Ötən il noyabrın 10-da, yəni hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma imzalanda Dağlıq Qarabağda cəmi bir neçə yüz erməni sakin qalmışdı.

Erməni KİV-i xəbər verir ki, bu haqda Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan dünən Yerevanda parlament dinləmələri zamanı deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağda "sakinlərin” sayı 100 min nəfərdən çoxdur. Lakin Arakelyanın təqdim etdiyi statistikanı elə erməni KİV-ləri şübhə altına alıblar və Dağlıq Qarabağda yaşayan ermənilərin sayı barədə rəqəmlərin elə müharibədən əvvəl də doğru olmadığını göstəriblər.

Epress.am saytı yazır ki, Arakelyanın təqdim etdiyi statistika Rusiya tərəfinin statistikası ilə uyğun gəlmir. Rusiya tərəfi bildirir ki, noyabrın 10-dan fevralın 2-nə qədər Qarabağa 51 min 947 nəfər qayıdıb. Bəs noyabrın 10-da Qarabağda cəmi bir neçə yüz erməni qalmışdısa (Azərbaycan ordusunun Şuşanı azad etməsinin ardınca Qarabağda yaşayan ermənilər Kəlbəcər üzərindən kütləvi şəkildə Ermənistana axın etmişdilər,-red.) o zaman indi onların sayı 100 minə necə çatıb? Rusiya sülhməramlıları təxminən 60 min erməni qaytarıbsa qalan 40 min nəfər hansı yolla qayıdıb? Axı hazırda Ermənistandan Dağlıq Qarabağa ancaq Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizi ilə getmək mümkündür.

Bundan əvvəl erməni tərəfi geri qayıdanlar barədə rəqəmlərdə Rusiya tərəfinin təqdim etdiyi statistika ilə bu cür uyğunsuzluğu belə izah etmişdilər ki, guya Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarılana qədər Vardenis-Kəlbəcər-Ağdərə yolu ilə geri qayıdanların sayı 40 min nəfərə yaxın olub. Hansı ki, bu rəqəmə heç Ermənistanda inanan olmamışdı. O vaxtdan bəri geri qayıdanlar barədə ziddiyyətli statistikanı şərh edən yoxdur.

Nazir Arakelyan onu da deyib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə yaşayanların sayı 40 min nəfərə yaxın olub. Və onlardan 20 min nəfərə yaxını hazırda Ermənistanda yaşayır. 5 min nəfərə yaxını Dağlıq Qarabağa, yəni Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə qayıdıb. Bəs qalan 15 min erməni hara "itib”? Bu ziddiyətə də aydınlıq gətirən olmayıb. Başqa sözlə, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayı barədə rəqəmlərin şişirdilmiş olduğunu Ermənistanda da dolayısı ilə təsdiq etməli olurlar. Hansı ki, Azərbaycanın hesablamalarına görə bu ermənilərin sayı işğalçı qüvvələrin şəxsi heyətini çıxmaqla 60-70 nəfərdən çox deyildi.