29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birgə layihəsi

03.02.2021

 Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi "Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” adlı layihənin təqdimatı olub.

Ədliyyə nazirinin müavini Azər Cəfərov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas layihə barədə məlumat verib. Nazir müavini qeyd edib ki, əsas məqsəd ədliyyə sistemində xidmətlərin keyfiyyətini artırmaqla, əhalinin və sahibkarların ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi potensialını artırmaqla onların fəaliyyətlərini yaxşılaşdırmaq, həmçinin, mübahisələrin alternativ həlli mexanizmlərini, o cümlədən arbitraj və mediasiyanı təşviq etmək nəzərdə tutulur. 

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas isə bildirib ki, əməkdaşlıq Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha da təkmil vəziyyətə gətirəcək: "Brüsseldə ötənilki Əməkdaşlıq Şurası çərçivəsində olan tərəfdaşlıq prioritetlərimizi yeniləmək ərəfəsindəyik. Buna sağlamlıq və səhiyyəni də əlavə edirik. Yeni liderlərimizin bu ilin sonunda bir araya gələrək tərəfdaşlığımız çərçivəsində bir neçə illik prioritetləri təsis edəcəyini gözləyirik. Qanunun aliliyi heç şübhəsiz hər zaman təməl prinsipi kimi qalacaq. Çünki hər bir ölkə funksional hüquq sisteminə layiqdir. Bu da öz növbəsində bir fundament kimi biznes və fəaliyyətimiz üçün çox önəmli təməl sütunudur. 2018-ci ilin əvvəlində biz artıq Böyük Britaniyaya, İtaliyaya təlim səfəri təşkil etmişdik. Orada mediasiya ilə bağlı Avropanın ən qabaqcıl təcrübələri təqdim olunub. Sonradan ehtiyacların qiymətləndirilməsi həyata keçirilib. Yol xəritəsi, mediasiya haqqında qanun qəbul edilib, Mediasiya Şurası təsis olunub. Artıq 29 milli təlimçi bazamız var. Bunlar hamısı gələcəkdə də məhz mediasiyanın instusional səviyyəyə çatdırılmasına, eləcə də kommersiya və inzibati məhkəmələrin potensialının gücləndirilməsinə kömək edəcək. Bu layihədə də 4 komponent var. Ümid edirəm ki, sözügedən layihə gələcəkdə də ədliyyə sisteminin Azərbaycanda tərəqqi etməsində öz sözünü deyəcək, hamımız buna layiqik. Bu məsələ sırf iqtisadi struktur üçün nəzərdə tutulmayıb, hamımızın funksional, etibarlı məhkəmə sisteminə böyük ehtiyacımız var”. 

Tədbirdə beynəlxalq ekspertlər ilə yanaşı, müvafiq aidiyyəti qurumların, o cümlədən Ədliyyə, İqtisadiyyat nazirlikləri, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Sahibkar (İşəgötürən) Təşkilatları Konfederasiyasının nümayəndələri iştirak edib.

Tədbirin iştirakçıları layihənin əsas komponentlərini, o cümlədən ixtisaslaşmış məhkəmələrin institusional potensialının artırılması (1-ci komponent), həmin məhkəmələrin hakimlərinin təlimləri, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi (2-ci komponent), mediasiya təlimlərinin keçirilməsi, mediasiyanın təbliğatı (3-cü komponent), arbitrajın təşviqi, BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyası (UNCİTRAL) ilə əməkdaşlığın qurulması (4-cü komponent) və bu istiqamətdə həyata keçiriləcək digər tədbirləri müzakirə ediblər. 

Qeyd edək ki, 4 əsas komponentdən və 40-a yaxın alt-komponentlərdən ibarət olan layihə ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında fərmanının və "Mediasiya haqqında” qanunun icrası ilə bağlı həyata keçirilir.