03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin ÜST-ü ölkəyə niyə buraxmadı?

07.01.2021

 BBC-nin məlumatına görə, Çinin Uhan şəhərində COVİD-19-un mənşəyini araşdırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid qrupun Çinə girişinə qadağa qoyulub. Təşkilatla Pekin arasında uzun müddət idi səfərlə bağlı danışıqlar gedirdi. Çində araşdırma aparacaq heyətə 10 mütəxəssis daxil idi.

DM xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ÜST rəhbərliyi səfərin gecikməsinin əvvəlcə viza problemi ilə izah etməyə çalışırdı:

"Təşkilatın baş direktoru Tedros Qebreyesus viza ilə bağlı yüksək səviyyəli Çin rəsmiləri ilə yaxın təmasda olduğunu bildirmişdi. Baş direktor viza verilməsi prosesinin sürətləndiriləcəyi ilə bağlı əminliyini ifadə etmişdi.

Ancaq Çinin Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə açıqlamasında səfərin yubanmasının yalnız viza ilə bağlı olmadığını vurğuladı. O dedi ki, tərəflər arasında ekspert qrupunun səfərinin konkret tarixi və konkret tənzimlənməsi mövzusunda danışıqlar hələ davam edir. Virusun mənşəyinin araşdırılması inanılmaz dərəcədə mürəkkəbdir. Çinə gələcək beynəlxalq ekspert qrupunun işinin rəvan getməsini təmin etmək üçün lazımi prosedurları və müvafiq tənzimləmələri aparmalıyıq. Çinə gələcək beynəlxalq ekspert qrupuna yaxşı şərait yaratmaq üçün əlimizdən gələni edirik.

Bu cavab isə Qebreyesusu məyus etdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə BBC-yə açıqlamasında bir daha "bəzi anlaşılmazlıqlar ola bilər” ifadəsini işlətdi”.

Pekin nədən məsələni uzadır? Əgər Çin rəsmilərinin iddia etdiyi kimi, onlar ilkin yoluxma hallarını gizlətmədiklərini vurğulayırlarsa, nədən Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasını ləngidirlər?

Politoloq bildirib ki, görünür, gizlətməli nəsə var:

"Koronavirusun yayılmasından bir il keçdi. Ancaq hələ də virusun mənşəyi bilinmir, müxtəlif versiyalar səslənir. Buna son qoymağın yolu Ümumdünya Səhiyyə Təşkilatının Çinin Uhan şəhərində tədqiqatlara başlamasıdır. Ancaq buna da Pekin mane olur.

Koronavirus pandemiyası ilə bağlı müstəqil təhqiqatın aparılması mövzusu az qala bir ildir müzakirə edilir. Bu mövzunu ilk dəfə Avstraliya gündəmə gətirmişdi. Daha sonra bu təklifə başqa dövlətlər, o cümlədən Çinin tərəfdaşı sayılan Rusiya da qoşuldu.

Epidemiyanın hardan qaynaqlandığı, Çinin, xüsusilə ilk günlərdə bununla bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələlər müstəqil təhqiqatın cavab tapmaq istədiyi suallardır. Çinin Uhan şəhərində xəstəliyin yayılması ilə bağlı dünyanı məlumatlandırmaq istəyən yerli elm adamlarını susdurduğu, epidemiyanı olduğundan daha əhəmiyyətsiz göstərdiyi faktdır. Maraqlıdır ki, virus yayıldığı ilk günlərdə Çin hökumətinin səhiyyə məsələləri üzrə sözçüsü Zhonq Nanşan CNN-nə açıqlamasında yoluxma sayı barədə əllərindəki məlumatları paylaşmaq istəmədiyini söyləmişdi. Buna baxmayaraq, ötən ilin yanvarında Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin kritik olduğunu bəyan etdi. Təşkilat yanvarın 22-də fövqəladə toplantı keçirdi. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaqdı. Sonrakı aylarda təhlükənin necə böyük miqyas aldığı aydın oldu”.