02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin niyə "müharibə səbəbi kimi" Sumqayıtı xatırlatdı?

18.12.2020

 Rusiya Prezidenti Vladimir Putin Vətən Müharibəsi başlayandan artıq ikinci dəfədir, Birinci Qarabağ döyüşlərinin başlanmasına Sumqayıt hadisələrinin səbəb olduğunu söyləyir. Hətta ermənilərin hücumlarını özünümüdafiə kimi qələmə verir, bunun qürur məsələsi olduğunu vurğulayır. Amma onu da bildirir ki, tərəf tutmaq istəmir və kimin haqlı, kimin günahkar olduğunu demək mümkün deyil.

Bugünə qədər isə Ermənistandan başqa heç bir ölkənin siyasi lideri Sumqayıt hadisələrini müharibənin başlanğıc nöqtəsi kimi təqdim etməyib. Bəs Vətən Müharibəsi başlayandan sonra Putinin bu məsələni iki dəfə qabartması nədən xəbər verir?

DM xəbər verir ki, mövzu ilə bağlı Bakipost.az-a danışan politoloq İlqar Vəlizadə əsas səbəbin Rusiya siyasi rəhbərliyinin uzun müddət Ermənistanla daha yaxın münasibətlərinin olmasını göstərib:

"Heç kəsə sirr deyil ki, Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryan Putinin dostu sayılırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Köçəryana qarşı sərt addımlar atılıb. Buna baxmayaraq, Putin bir neçə dəfə nümayişkarcasına Köçəryana təbrik məktubları göndərib. Həmçinin Rusiyanın Ermənistandakı səfiri Putinin tapşırığı əsasında Köçəryanla söhbətlər aparıb. Bütün bunlar onu göstərir ki, Putinin Köçəryanla sıx münasibətləri var. Çox güman ki, antiazərbaycan, yaxud Sumqayıt hadisələri ilə bağlı qərəzli mövqeyində bu amil də rol oynayır”.

"Baş verənlər onu göstərdi ki, əslində, Rusiya siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və gedişatı barədə mövqeyi obyektiv deyil”, - deyən İ.Vəlizadə əlavə etdi ki, Rusiya Prezidenti bir dəfə də olsun Xocalı soyqırımı barədə danışmayıb:

"Təəssüflər olsun ki, reallığı əsas götürmürlər. Ancaq bu yanaşmada da tədricən dəyişikliklər olduğunu istisna etmək olmaz. Çünki dövr dəyişir. Vaxtı ilə, 10-15 il bundan əvvəl Rusiya qəti şəkildə müharibənin əleyhinə idi. Regionda müharibə ehtimalları olsa idi, yəqin ki, dərhal müdaxilə edəcəkdi. Ən azından Azərbaycana siyasi, yaxud hərbi-siyasi təzyiqlər göstərəcəkdi. Bu dəfə belə olmadı. Düzdür, buna imkan verməyən başqa amillər də var idi. Məsələn, Azərbaycanın güclü ordusu, sabit siyasi xətti, Türkiyənin qeyd-şərtsiz hərtərfli dəstəyi və s”.

Politoloq qeyd etdi ki, bütün hallarda Azərbaycanın mövqeyi Rusiya tərəfindən başadüşüləndir:

"Putin bir neçə dəfə deyib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında qalması yolverilməzdir və Azərbaycanın torpaqlarını geri qaytarmağa haqqı var. Bu baxımdan Putinin tarixə nə cür baxması bizi narahat etməli deyil. Əksinə, Rusiyanın siyasi rəhbərliyinin gələcəklə bağlı hansı fikirdə olduqları bizim üçün daha önəmlidir. Fikrimcə, siyasi diqqətimizi məhz bu məsələyə yönəltməliyik ki, regionda Azərbaycanın, Rusiyanın və Türkiyənin gələcəklə bağlı baxışları üst-üstə düşsün”.