03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda gündəlik sərnişin sayı 40 faiz azaldı

17.12.2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən dekabrın 14-dən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəqliyyat və sərnişin axınlarına təsir edib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dekabrın ilk ongünlüyü ilə müqayisədə son 3 gündə (14, 15 və 16 dekabr tarixlərində) gündəlik sərnişin axını 40%-dək azalıb.

Bildirilib ki, sərt karantin rejiminin tətbiqinə qədər gündəlik sərnişin səfər sayı 1 900 000-2 100 000 arasında dəyişirdisə, hazırda bu rəqəm 1 200 000- 1 300 000 səviyyəsindədir:

"Gündəlik sərnişin axının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, gündəlik xəttə çıxan avtobus sayında ciddi dəyişiklik edilməyib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq dekabrın ilk ongünlüyündə olduğu kimi, bu gün də xətlərə 1900-2000 avtobus çıxarılır”.

Məlumata görə, küçə və prospektlərdə nəqliyyat vasitələrinin sayında da müəyyən qədər azalma müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən dekabrın ilk on günü ilə müqayisədə gündəlik nəqliyyat axını 33%-dək azalıb:

"Lakin bəzi hallarda karantin postlarının ətrafında yaranan sıxlıqlar müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaradır. Bunun üçün də bir daha fərdi avtomobil sürücülərindən xahiş edirik ki, postlara yaxınlaşan zaman hərəkətlərinə icazə verən sənədlərini hazır etsinlər və sağ hərəkət zolağını ictimai eləcə də operativ nəqliyyat vasitələri üçün boş saxlasınlar. Həmçinin, bir daha sərnişinlərimizdən mütləq qaydada tibbi maskadan istifadə etmələrini xahiş edirik”.