04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəfər paradı: Hansı tarixi anlar yaşanır...

10.12.2020

 Bu gün Azadlıq meydanında təkcə Cənubi Qafqazın ən qüdrətli, modern, güclü Ordusu deyil, həm də 27 ildir işğal altında olan tarixi torpağını azad edən müzəffər bir Ordu var. Məhz buna görə də bugünkü hərbi parad "Zəfər paradı” adlanır.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı və onun tarixi əhəmiyyəti haqda danışarkən deyib.

O bildirib ki, müstəqillik tariximizdə bu günə qədər bir neçə dəfə hərbi parad təşkil edilib:

"Bu günə qədər keçirilən hərbi paradlarda verilən mesaj aydın idi. Ölkə başçısı bundan öncəki hərbi paradda qeyd etmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı gətiriləcək. Bu gün biz bir daha ölkə başçısının bizə - Azərbaycan xalqına verdiyi bu sözü də tutduğunun şahidi olduq. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. Şübhəsiz, bugünkü Qələbə paradı dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi. Bu Qələbə paradı həm də dünyaya bir mesaj idi: hər bir ölkə gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və süni şəkildə dondurulmuş münaqişələr bir gün alovlanıb, haqlı tərəfin qələbəsi ilə bitəcək”.

Politoloqun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etməsi vacib bir hadisədir:

"44 günlük müharibənin hər saniyəsində qardaş, dost və müttəfiq Türkiyə Cümhuriyyəti birmənalı olaraq Azərbaycanın yanında olduğunu göstərdi. İstər siyasi, istərsə də mənəvi sahədə rəsmi Ankaranın ölkəmizə dəstəyi misilsiz oldu. Bu mənada bu Zəfər həm də qardaş Türkiyənin Qələbəsidir.

Qələbə paradında iki ölkə prezidentinin birlikdə iştirak etməsi, müdafiə nazirinin hər iki ölkə başçısına raport verməsi və iki ölkə prezidentinin birlikdə Qalib Ordunu salamlaması tarixi an idi. Şübhəsiz, bundan sonrakı illərdə biz bugünkündən güclü bir Azərbaycan və Türkiyə görəcəyik. Ümummilli liderin bizə miras qoyduğu "bir millət, iki dövlət” şüarını həm 44 günlük müharibədə, həm də Zəfər paradında bariz şəkildə görürük”.