29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanın yeni hiyləsi: Avropada inanan varsa...

02.12.2020

Erməni dezinformasiya maşını müharibə zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycan əleyhinə yalan və əsassız məlumatlar yaymaqda davam edir. Ermənilərin Azərbaycanla bağlı dünyaya yaydığı yalanlar sanki ildən-ilə həqiqətdən daha çox uzaq, inanılması mümkünsüz bir hal alır. Belə bir təfəkkürə sahib olduqları üçün insanın onlara yazığı gəlir.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli erməni sosial media resurslarında məqsədyönlü şəkildə guya Azərbaycan Respublikasının Qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

"Azərbaycan Ordusuna təslim olmuş erməni hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən dərhal döyüş bölgəsindən çıxarılıb. Saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

Azərbaycan əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edir. Belə bir zamanda Ermənistanın əsassız yalanlar ilə dünyanın aparıcı informasiya agentliklərini, xəbər kanallarını manipulyasiya cəhdi bu ölkənin növbəti dəfə əsl mahiyyətini göstərir.

Ermənistan hələ də Azərbaycana qarşı düşmən münasibət bəsləyir və əsassız məlumat yaymağa, propaqanda aparmağa çalışır. Lakin propaqanda da gərək əsaslı olsun. Nəinki indi, tarix boyu Azərbaycanda iddia olunan tərzdə bir hərəkət olmayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi belə vaxtilə ona göndərilən qıpçaq köləni özünə həyat yoldaşı edib. Bizim tariximizdə soyqırım, köləlik kimi anlayışlar yoxdur. Bu gün də şanlı tariximizdən irəli gələrək əsirlərə elə davranırıq.

Əgər Avropada erməni yalanlarına inananlar varsa, onda məsləhət görərdim, öz qaranlıq tarixlərinə baxsınlar – köləlik, rasizm, şovinizm, faşizm, islamafobiya, irqi ayrı-seçkilik, qadınların haqlarının tapdanması kimi anlayışların vətəni məhz Avropadır”.