02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncə yenidən artilleriya atəşinə tutulub

08.10.2020


Rəşadətli Azərbaycan Ordusunun qətiyyətli və sarsıdıcı zərbələri nəticəsində geri çəkilən və bölmələrimizlə qarşılaşmağa cürət etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Oktyabrın 8-də saat 4 radələrində düşmən Gəncə şəhərini yenidən raket atəşinə tutub. Raket zərbələri nəticəsində şəhər ərazisində bir neçə mülki obyektə, yaşayış binasına, 1 avtomobilə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu adekvat tədbirlər görüb, düşmənə sarsıdıcı zərbələr endirib.

Düşmənin atdığı artilleriya zərbəsi nəticəsində obyekti zərər görən sahibkar Canpolad Hüseynov deyib ki, həmin vaxt evdə olub: "Xəbər gəldi ki, mağazanın yanına mərmi düşüb. Gəlib gördüm ki, obyekt dağılıb, ciddi ziyan dəyib. Heç də təəssüflənmirəm. Hər şeyimiz əsgərlərimizə qurbandır. Əsas odur ki, salamatçılıq olsun. Allah dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun! Biz Prezidentimizə, ordumuza güvənirik. Erməni şərəfsizləri mülki əhalini hədəf seçməklə bizləri qorxutmaq istəyir. Cəsarətləri çatmır ki, Azərbaycan Ordusu ilə üz-üzə vuruşsunlar. Düşmən bilir ki, bizim ordumuzun qabağında dayana bilməz. Ona görə də dinc sakinləri hədəfə alır. Gəncə sakinləri mərddir, dözümlüdür. Ölənə kimi buradayıq. Düşmən bilsin ki, Qarabağ Azərbaycandır, Qarabağ bizimdir".

Digər sahibkar Natiq Quliyev isə deyib ki, düşmən Gəncəni məqsədli şəkildə hədəf alır. Halbuki bu şəhər cəbhədən xeyli uzaqda yerləşir. "Onların Gəncə sakinlərini qorxutmaq niyyəti həyata keçməyəcək. Hər bir sakin öz yurdundadır. Ordumuza, dövlətimizə güvənirik. Azərbaycan Ordusu tezliklə düşmənə layiq olduğu yerini göstərəcək”, - deyə o qeyd edib.

Düşmənin artilleriya zərbələri nəticəsində obyektinə ziyan dəyənlərdən biri də Yəhya Mikayılovdur: "Düşmənin dinc sakinləri artilleriya atəşinə tutmağı bizi qorxutmur. Biz öz torpağımızı istəyirik və onun uğrunda da vuruşuruq. Bizim Gəncədən başqa gedəsi yerimiz yoxdur. Gəncə doğulmuşuq, burada da öləcəyik. Allah ordumuza yar olsun! Cəbhədən gələn qələbə xəbərləri bizi çox sevindirir. Hər gün qələbə xəbərləri gözləyirik”.