04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq ictimaiyyət bunu ermənilərdən tələb etməlidir

06.10.2020

İtaliyanın nüfuzlu "İl Giornale” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Əhmədzadənin geniş müsahibəsi dərc olunub.

Müsahibədə diplomat Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti hərbi təcavüzü, bu xüsusda, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, münaqişənin siyasi, hüquqi və humanitar aspektləri, eləcə də İtaliyanın hazırkı vəziyyətə dair mövqeyi barədə danışıb.

Jurnalistin Dağlıq Qarabağda hazırkı silahlı qarşıdurmanın mənəvi tərəfləri ilə bağlı sualına cavab verən səfir Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun 30 ildir Ermənistanın hərbi işğalı altında olduğunu bildirərək deyib: "Bu, Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir və Ermənistanın başqa cür təqdim etmək cəhdləri qəbuledilməzdir. Əsas hədəflər həm işğal olunmuş ərazilərdən, həm də Ermənistanın öz ərazilərindən Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə bombalanan cəbhə xəttinə yaxın Azərbaycanın yaşayış məntəqələri və mülki şəxslərdir. Uzun illərdir ki, Azərbaycan böyük bir haqsızlığa, ərazilərimizin 20 faizinin işğalına məruz qalır; Xocalı soyqırımının xatirəsi və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün varlığı, bütün Azərbaycan vətəndaşları kimi mənə də asanlıqla nəfəs almağa imkan vermir. Bu münaqişə Azərbaycan xalqının ürəyində açıq bir yaradır. Ürəyimiz Qarabağla döyünür, bu, Azərbaycan üçün milli mənəviyyat məsələsidir. Bu günlərdə milli kimliyimizin rəmzi olan bayrağımızın cəsur əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş bölgələrdə dalğalanması şəkillərini görəndə çox təsirləndim. Azərbaycanın incisi olan və xalqımız üçün yüksək mənəvi dəyəri olan Şuşa şəhərində də bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik. Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı geri almağa qərarlıdır. Özlərinə aid olmayan ərazilərdən imtina etməyin vaxtının gəldiyini dərk edən erməni əsgərləri üçün bu, belə deyil. Ermənistan tərəfinin keçirdiyi dərin narahatlığın onu Azərbaycana qarşı növbəti yalan kampaniyası aparmağa sürüklədiyini müşahidə edirik”.

Münaqişənin silahlı qarşıdırmaya necə gəlib çatması barədə suala cavab verən M.Əhmədzadə ATƏT-in Minsk qrupu çərçivəsində təxminən 30 ildir davam edən danışıqların nəticəsiz qaldığına və bunun Ermənistan tərəfinin nümayiş etdirdiyi destruktivliklə bağlı olmasına və davamlı təxribatlarına diqqəti çəkərək bildirib: "Ərazilərimizin işğal olunmasına baxmayaraq, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara gedərək münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Təxminən 30 ildir davam edən danışıqlar heç bir nəticə vermədi, çünki Ermənistan son illərdə həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışırdı. Nikol Paşinyanın timsalında Ermənistanın yeni inqilabi diktaturası əvvəlki hərbi-cinayətkar xuntadan da irəli gedərək prosesi daha da çətinləşdirdi. Paşinyan insanlara verdiyi möcüzəvi vədlərinə əməl edə bilməməsi, eyni zamanda rəqiblərini zərərsizləşdirmək, alternativ səsi və vətəndaş cəmiyyətini boğmaq üçün diktator üsullarını işə salması səbəbindən artan narazılığın fonunda, insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün Dağlıq Qarabağ məsələsində mövqeyini radikallaşdıraraq ölkədə azərbaycanafobiyanı qızışdırmağa çalışdı. Paşinyan məsuliyyətsiz hərəkətləri və təxribat xarakterli bəyanatları ilə, o cümlədən işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimi danışıqlara cəlb etmək üçün danışıqların formatını dəyişdirməyə çalışaraq, "Dağlıq Qarabağ Ermənistandır.” deməklə sülh prosesinə zərbə vurdu. Daha sonra Şuşa şəhərində kukla rejimin liderinin "andiçmə mərasimi”, Ermənistan müdafiə nazirinin "yeni ərazilər üçün yeni müharibə” elanları, iyul ayında Azərbaycanın Tovuz bölgəsində - karbohidrogenlərin Azərbaycandan Avropa bazarlarına, xüsusən İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi bir ərazidə Ermənistanın hərbi təxribatları, baş nazirin həyat yoldaşının iştirakı ilə döyüş və atıcılıq təlim kursları və Livandan olan ermənilərin qanunsuz olaraq işğal edilmiş ərazilərə köçürülməsi bütünlükdə hazırkı gərginliyə gətirib çıxaran amillər idi. Bu, Paşinyanın danışıqlar prosesinə zərbə vurmaq, onu mənasız etmək məqsədi daşıyan çoxsaylı fəndlərinin yalnız bir hissəsidir. Yeni erməni diktatorunun absurd yeddi şərt irəli sürməsi faktiki olaraq Ermənistanın danışıqlar prosesindən çəkildiyini deməyə əsas verirdi”.

Daha sonra diqqəti Ermənistanın son aylar yeni hərbi təxribatlara hazırlaşması prosesinə yönəldən M.Əhmədzadə sözlərinə davam edərək deyib: "Son aylarda Ermənistan silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdı və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam etdi. Yüz min "könüllü”dən ibarət ümummilli "milis qrupu”nun yaradılmasının elan olunmasından sonra və həmin qrupları Ermənistanın hərbi qüvvələrinin işğalı altındakı ərazilərə və iki ölkə arasındakı dövlət sərhədinə göndərməsi müşahidə olunurdu. Bütün bunlar ona görə edilirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşırdı. Bu xüsusda, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutmağa başladılar. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu. Qeyd edim ki, Ermənistan silahlı qüvvələrinin mülki obyektlər və mülki insanları hədəf alması nəticəsində ikisi uşaq olmaqla 19 mülki şəxs həlak olub, 55 mülki şəxs yaralanıb. Xüsusi və ictimai obyektlərə ziyan dəyib”.

Jurnalistin 2016-cı ilin Aprel döyüşləri ilə indiki silahlı qarşıdurmalar arasındakı fərqlərə dair sualına cavab olaraq, səfir Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində əməliyyatlar həyata keçirdiyini vurğulayaraq deyib: "Hər iki halda qarşıdurma Azərbaycan ərazilərində baş verir. Hər iki halda Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və suveren ərazidə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır. Hər iki halda Ermənistan mülki yaşayış sahələrinə hücum edir, yalan məlumatlar yayır və üçüncü tərəfləri münaqişəyə cəlb etmək də daxil olmaqla müxtəlif üsullardan və hiyləgər hərəkətlərdən istifadə edir. Əvvəllər olduğu kimi, bu dəfə də Ermənistan özünü sülhsevər ölkə kimi göstərməyə cəhd edərək əməliyyatlara son qoyması və Azərbaycanla danışmaları üçün müxtəlif ölkələrə yalvarır, özünün acınacaqlı, yazıq bir görüntüsünü yaratmağa çalışır. Ancaq Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan torpaqlarının qorunub saxlanmasını təmin etmək və status-kvonu davam etdirməkdir. Bu dəfə beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və İrəvandan işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin həlli yalnız Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür. Fərqə gəldikdə, bu dəfə qarşı tərəfin hücumlarının müxtəlif istiqamətlərdən olduğunu nəzərə alaraq, qarşıdurma coğrafiyasının 2016-cı illə müqayisədə daha geniş olmasına diqqət yetirilməlidir, buna görə də əks-hücum tədbirləri ilə Azərbaycan ordusu bu təcavüzə adekvat cavab verir”.

Müxbirin Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntiləri ilə bağlı sualına cavab verən M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan, beynəlxalq ictimaiyyətin ədalət tərəfində olmasını gözləyir və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistandan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarmasının tələb edilməsini istəyir. Ermənistanın hərbi qüvvələrinin geri çəkilməsini tələb etmədən tərəfləri hərbi əməliyyatları dayandırmağa dəvət etmək Ermənistanın əraziləri işğal altında saxlamasına xidmət edir. 2016-cı ilin aprelində hərbi əməliyyatların bitməsindən sonra Ermənistanın davranışları deməyə əsas verir ki, bu dəfə beynəlxalq ictimaiyyət bu ölkənin yalan vədlərinə inanmamalı və Ermənistandan əraziləri azad etməsini tələb etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, kimin həqiqətin və kimin yalanın tərəfində olduğunu aydınlaşdırmaq üçün həqiqət anıdır.

Jurnalistin Türkiyənin rolu ilə bağlı sualına cavab verən diplomat deyib: "Bu günlərdə mətbuatda erməni təxribatları nəticəsində beynəlxalq ictimaiyyəti qəsdən aldatmaq məqsədi daşıyan bir çox saxta xəbər var. Əvvəlcə Türkiyənin bölgədə sabitləşdirici rolunu və Azərbaycan üçün yaxın dost və müttəfiq olduğunu qeyd etmək istərdim. Türkiyənin dəstəyi yalnız mənəvi dəstəkdir. Türkiyə münaqişənin tərəfi deyil, heç bir şəkildə iştirak etmir və buna ehtiyac da yoxdur. Azərbaycan ordusu xalqının və ərazisinin qorunmasını təmin etməyə kifayət qədər hazırdır. Bu anda cəbhədə Azərbaycan tərəfində heç bir xarici döyüşçü yoxdur. Azərbaycanın təlim keçmiş ordusu və çox böyük bir səfərbərlik ehtiyatı var. İki milyon əhalisi olan Ermənistan ilə müqayisədə 10 milyon əhalisi olan ölkəmizin insan resurslarına ehtiyacı yoxdur”.

Ermənistanın Suriya və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülər gətirməsi məsələsini vurğulayan diplomat sözlərinə belə davam edir: "Döyüşlər başlamazdan əvvəl deyildiyi və bu döyüşlərin də təsdiq etdiyi kimi, Ermənistan Suriyada və Livanda olan insanları muzdlu döyüşçü kimi istifadə etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüb. Eyni zamanda, Ermənistan prezidenti "Al Jazeera” telekanalına verdiyi müsahibədə geniş auditoriya qarşısında özünü biabır edərək xarici döyüşçülərin Ermənistan tərəfindən vuruşduğunu təsdiqlədi: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik”.

Münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünə dair suala cavab olaraq, M.Əhmədzadə bunun üçün əvvəlcə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalı olduğunu bildirib.

Jurnalistin münaqişə ilə bağlı İtaliyanın mövqeyi barədə sualını cavablandıran diplomat Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”yə diqqət yönəldərək qeyd edib: "Bu Birgə Bəyannamə hər iki tərəfin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstəyi, habelə dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiqləyir. Sənəddə tərəflərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında BMT və ATƏT-in müvafiq sənədləri və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyi qeyd olunur. Fürsətdən istifadə edərək Azərbaycan xalqı ilə haqq işində həmrəylik ifadə edən bir çox italyan millət vəkillərinə və siyasətçilərə təşəkkür edirəm. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bu münaqişəni diqqətlə izləyir. Bundan əlavə, dünən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı oldu. İtaliyanın silahlı qarşıdurmaların şiddətindən duyduğu dərin narahatlığı ifadə etməklə yanaşı, nazir Di Maionun əsas ismarıcı İtaliyanın Minsk Qrupunun vasitəçiliyi ilə ATƏT çərçivəsində danışıqların yenidən başlaması öhdəliyini qeyd etməsi, eləcə də status-kvonun dayanıqsız olması, eyni zamanda, tərəflərin həmsədrlərin himayəsi altında heç bir şərt olmadan və ciddi öhdəliklərlə danışıqlara qayıtmasının zəruriliyi ilə bağlıdır. İtaliyanın üzv olduğu Minsk qrupu daxilində sülh prosesinə daha yaxından kömək etmək istəyini yüksək qiymətləndiririk və bu müddətdə daha fəal rol oynayacaq ciddi elementlərə malik olduğunu düşünürük. Hər zaman status-kvonu qorumaqda və danışıqların uzadılmasında maraqlı olmuş Ermənistan bu yaxınlarda yeddi absurd şərt irəli sürüb. Bu xüsusda, İtaliyanın ismarıcının, öz zərərli əməllərini dayandırması və konstruktiv mövqe nümayiş etdirməsi üçün Ermənistana yönəldiyi aydındır.

Təkrar bildirirəm ki, son günlərdəki hadisələr bir daha göstərdi ki, tərəflərə qarşı tarazlı yanaşma və onları eyni səviyyədə qoymaq heç bir nəticə verməyib. Əksinə, belə yanaşma Ermənistanın təcavüzünə və beynəlxalq hüquqa məhəl qoymamağa davam etməsinə əlverişli şərait yaradıb. Buna görə də təcavüzkar ilə təcavüzə məruz qalan tərəf arasında fərq qoymaq lazımdır. Ümid edirik ki, qarşıdakı bəyanatlarında İtaliya açıq şəkildə Ermənistanı təcavüz siyasətindən imtina etməyə və silahlı qüvvələrini ərazilərimizdən çıxarmağa dəvət edəcək ki, bu da indi ATƏT olan o zamanki ATƏM-in Minsk Konfransında İtaliya sədrliyinin – sabiq dövlət katibi Mario Raffaellinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən irəli gələn təklifində nəzərdə tutulmuşdur”.

Müxbirin "Trentino Alto Adige” modelinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nümunə olmasının mümkünlüyü barədə sualına cavab olaraq, diplomat hərbi əməliyyatların hazırkı inkişafında bu məsələni indi müzakirə etməyin erkən olduğunu və indi Ermənistanı hərbi təcavüzündən əl çəkməyə və hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur etməyin vacib olduğunu deyib.

Azərbaycanın Avropa İttifaqından gözləntilərinə dair suala cavab olaraq, diplomat gözləntilərin "Avropa İttifaqının Şərq Tərəfdaşlığı məkanında digər münaqişələrə münasibətdə nümayiş etdirdiyi eyni mövqeyin, yəni suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ifadə edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən imtina etməsi və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana açıq və aydın bir ismarıc verilməsi” olduğunu bildirib.

Sonda jurnalistin hazırkı silahlı qarşıdurmanın Azərbaycanda insanlar arasında necə qarşılanması ilə bağlı sualına cavabında diplomat bildirib: "Azərbaycanda çox böyük ruh yüksəkliyi var. Bütün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşir və onun qərarlarını hərtərəfli dəstəkləyir. Yüz minlərlə soydaşımız könüllü olaraq döyüşlərə qoşulmaq arzusunu dilə gətirib. Bundan əlavə, bir milyondan çox azərbaycanlı məcburi köçkün ümid edir ki, 30 illik əziyyətdən sonra layiq olduqları kimi evlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət edə biləcəkləri gün yaxınlaşır”.