29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

9-cu və 11-ci sinif şagirdləri üçün attestasiya imtahanları keçirilib

10.09.2020


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilmiş yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün respublikanın 15 şəhər və rayonunda buraxılış imtahanları təşkil olunub.

DİM-dən bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi cəlb edilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq.

On birinci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Doqquzuncu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olunacaq.