05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa narahatdır: Türkiyə bunu təkrarlaya bilər - ŞƏRH

26.08.2020

Krit adası ətrafında hərbi kontingentin artması Şərqi Aralıq dənizində lokal bir müharibənin başlayacağı mənasına gəlmir. Yunanıstan və ona dəstək verən Fransa, BƏƏ, İsrail, Misir, Türkiyəyə güc nümayiş etdirməyə çalışır.

Bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Şərqi Aralıq dənizi ətrafında gedən son siyasi presesləri şərh edərkən deyib.

O bildirib ki, Türkiyənin 320 milyard kubmetrlik qaz yatağını kəşf etməsi ona qarşı olan dövlətləri narahat edir:
"Türkiyə müstəqilliyinin ilk illərindən bəri bir çox qanuni haqlarından məhrum edilmişdi. Bunun əsas səbəbi kimi rəsmi Ankaranın müstəqilliyinin ilk illəri çox zəif və yorğun olması, həm də Qərbə inteqrasiya etməsini görmək olar. Lakin hazırda qarşımızda tarixinin ən güclü ordusuna, siyasi sabitliyə və sağlam iqtisadiyyata sahib Türkiyəsi var. Türkiyə regionda apardığı xarici siyasətdə heç kəslə hesablaşmır, əksinə öz milli ehtiyatları hesabına uğurla addım atır. Türkiyənin bu cür güclənməsi istər-istəməz regionda ona qarşı aqressiya yaradır. Xüsusilə, Türkiyənin Şərqi Aralıq dənizində apardığı karbohidrogen axtarışları başda Fransa olmaqla, bir çox ölkənin maraqlarına ziddir. Çünki bu ölkələr rəsmi Ankaranın təkbaşına Şərqi Aralıq dənizinin təbii ehtiyatlarından faydalanmasını istəmir. Bu mənada Şərqi Aralıq dənizi mövzusunda Yunanıstana tam dəstək verirlər”.

Ekspertin sözlərinə görə, Şərqi Aralıq dənizi uğrunda rəqabət günü-gündən artır:

"Fransa Prezidenti Emmanuel Makronun Krit adasına 1 helikopter gəmisi, 1 freqat və 2 "Rafale” tipli qırıcı göndərməsinin ardınca BƏƏ də bura 4 ədəd F-16 qırıcısı göndərdiyini açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə "işlərimizə əngəl olmaq istəyənlərə lazım gəldikdə güc tətbiq edəcəyik" deyib.

Vəziyyət hər nə qədər ciddi görünsə də, düşünmürəm ki, tərəflər ciddi bir qarşıdurma yaşasın. Çünki istər Fransa, istərsə də BƏƏ Türkiyəyə qarşı ənənəvi rəqib olan ölkələrdir. Bu mənada onların Yunanıstana Şərqi Aralıq dənizi məsələsində dəstək verməsi təəccüb doğurmamalıdır. Mövcud vəziyyəti tərəflərin bir-birinə güc nümayişi kimi qiymətləndirirəm.

Mövcud siyasi prosesləri tam mənasında anlamaq üçün tarixə nəzər salmaq lazımdır. Bildiyiniz kimi, Osmanlı imperiyası əsrlərlə üç qitədə ticarət yollarına nəzarət edib. Osmanlı bu yolla Avropa ölkələrini iqtisadi olaraq özündən asılı sala bilirdi. Məhz başda Fransa olmaqla, Qərbi Avropa ölkələri bu gün tarixin yenidən təkrarlanmasından ehtiyat edirlər. Çünki Türkiyə Şərqi Aralıq dənizi və Qara dənizdə karbohidrogen ehtiyatları axtarır. Yəni Türkiyə gələcəyin neft və qaz ölkəsi olmaq istəyir. Bu, əslində Avropa ölkələri üçün müsbət bir hadisə olmalıdır. Çünki onsuz da bu ölkələrin Rusiyadan ciddi mənada neft və qaz asılılığı var. Türkiyə alternativ bir ölkə ola bilər. Lakin istənilən halda Avropa yenə də Türkiyədən asılı olmaq istəmir. Bu səbəbdən Türkiyənin Şərqi Aralıq dənizində karbohidrogen yataqları axtarışlarına əngəl törətməyə çalışırlar”.

V.Zifəroğunun sözlərinə görə, Almaniya heç bir halda Türkiyə ilə üz-üzə gəlmək istəmir:

"Fransanın əksinə, bu gün Almaniya Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davranmağa üstünlük verir. Çünki Almaniya Türkiyə ilə müharibə ritorikasında danışmağın mənasız olduğunu yaxşı anlayır. Son bir ildə türk-alman münasibətlərinə baxdıqda istər Liviyada, istərsə də Şərqi Aralıq dənizində rəsmi Berlinin Ankara ilə ortaq hərəkət etdiyini görmək mümkündür. Fransa Prezidenti Makron Almaniya kansleri Angela Merkellə Türkiyəyə qarşı birlikdə hərəkət etmək istəsə də, rəsmi Berlin məsələnin danışıqlar yolu ilə həllinə tərəfdardır.
Ənənəvi Avropa siyasətinə baxdıqda biz görə bilirik ki, qitədə vahid bir xarici siyasət yoxdur. Fransa və Almaniya istənilən halda əks mövqelərdə durub. Bu, Birinci və İkinci Dünya müharibələrində də belə idi”.