19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bakı 3 tərəfdən hücum etsə... - Türk ekspert

14.07.2020

Hazırda Azərbaycanın Ermənistana üç cəbhədən hücum etməsi üçün münbit şərait mövcuddur.

Bu sözləri açıqlamasında "Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya Ermənistanın təxribatı nəticəsində hərbçilərin və sivil vətəndaşın şəhid olmasına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistan kimi işğalçı bir ölkə ilə diplomatiya yolu ilə münaqişənin həll edilməsi mümkün görünmür:

"Bu, təxminən 30 ildir ki, mövcud olan bir münaqişədir. Lakin bu müddət ərzində münaqişənin həlli istiqamətində əldə edilən böyük bir uğur yoxdur. Ermənistan işğal etdiyi Qarabağ torpaqlarından çıxmaq istəmir, diplomatiya yoluyla isə Ermənistanla nəticə əldə etmək mümkün deyil. Atılmalı addım Ermənistanın bu hücumunu səbəb götürərək həm Qarabağ bölgəsindən, həm də Tovuz bölgəsindən iki cəbhədə hücuma başlamaqdır. Ermənistanı iki cəbhədə sıxışdırmaq, hətta Naxçıvan ərazisindən də hücum təşkil etmək olar.

Üç bölgədən Ermənistanın sıxışdırılması Azərbaycan üçün müsbət nəticələrə gətirib çıxara bilər. Bununla yanaşı, ilk hücumu Ermənistanın başlatdığı üçün Azərbaycan həm regional, həm də beynəlxalq arenada mövqeyini gücləndirməyə nail ola bilər”.

Mütəxəssisin fikrincə, bu istiqamətdə addımlayarkən Azərbaycan əleyhinə diqqət edilməli olan iki təməl faktor var:

"Birincisi, Rusiyanın alacağı mövqedir. Çünki Rusiyanın Ermənistana "İsgəndər” raketləri hədiyyə etdiyini bilirik. Bununla yanaşı, Rusiyanın regionda sabitliyi qoruya bilməsi üçün Azərbaycana təzyiq göstərəcəyi şübhə doğurmur. İkincisi isə İran faktorudur. İran regionda güclü bir Azərbaycan görmək istəmir. Buna görə də bölgədə yaşana biləcək qarşıdırma olarsa, İran böyük ehtimalla Ermənistanı müdafiə edəcək. Lakin burada, xüsusilə, Türkiyənin müdafiə sənayesində yaşanan irəliləyişlər fonunda PUA-lar (pilotsuz uçan aparatlar) döyüş meydanlarında olduqca önəmli bir rol alır. Liviya nümunəsində gördüyümüz kimi, onlar Rusiyanın hava müdafiə sistemlərini zərərsizləşdirmək özəlliyinə sahibdirlər. Türkiyə istehsalı olan bu PUA-ların Azərbaycana verilməsi erməni mövqələrinin məhv edilməsində önəmli bir rol oynaya bilər”.

Əmrah Qaya Ermənistan və Azərbaycan arasında mövcud olan iqtisadi və hərbi inkişaf fərqlərinin rəsmi Bakının xeyrinə istifadə olunması gərəkdiyini düşünür:

"İllərdir davam edən bu münaqişənin həlli yolunun müharibə olduğu görünür. Son 30 ildə Ermənistanın həm müdafiə sənayesində, həm iqtisadiyyatda bir inkişaa nail ola bilməməsi, Azərbaycanın isə bunun tam əksi olaraq böyük irəliləyişlərə sahib olması heç kim üçün sirr deyil. Odur ki, Azərbaycanın diplomatiya yolundan dönüb son baş verən olaylar – Ermənistanın hücumları nəticəsində hərbçi və sivillərin qətlindən istifadə edərək qaynar toqquşmaya start verməsi lazımdır. Lakin Rusiyanın bu hücumları reallaşdırmaq üçün Ermənistana icazə verdiyi iddiasını da önəmsəməmək olmaz. Çünki bu yolla Rusiyanın Türkiyəni İdlib bölgəsində, digər yandan isə Qafqazda bir müharibəyə sürükləməsi, Azərbaycanla Ermənistan qarşıdurmasından bu məqsədlə istifadə etməsi iddiası da ciddidir. Əgər Rusiyanın Ermənistana belə bir icazə verdiyini düşünsək, bu zaman təzyiqin kontroldan çıxmamasını da qoruyub saxlamaq lazım ola bilər”.