Gürcüstanda seçki sistemi dəyişdirilir 
    
                          
     
                         22.06.2020
 
    
                        
Gürcüstan parlamenti birinci oxunuşda seçki sistemində konstitusion düzəlişlər paketini qəbul edib.
Axar.az xəbər verir ki, layihənin lehinə 136, əleyhinə isə 5 deputat səs verib. Səsvermədə yalnız Vahid Milli Hərəkat Partiyası iştirak etməyib.
Partiya iclasdan öncə səsverməyə qatılmayacağını açıqlayıb. Belə ki, partiya yaydığı bəyanatda düzəlişləri tam dəstəklədiyini, amma hökumətin 8 mart deklarasiyasının əsas öhdəliklərindən biri olan Georgi Ruruanı azad etmədiyi üçün səsvermədə iştirakdan imtina edəcəyini bildirib.
Avropa Gürcüstanı Partiyası isə bu səsvermənin Gürcüstanda proporsional sistemi xilas etdiyini deyib. Partiya birinci oxunuşda səsverməni dəstəklədiyini, amma Rurua azad olmayacağı təqdirdə ikinci və üçüncü oxunuşda bu düzəlişin əleyhinə səs verəcəyini açıqlayıb.
Yeni konstitusion düzəlişinə əsasən, 2020-ci il parlament seçkisi qarışıq sistemlə keçiriləcək. Belə ki, parlamentin 120 deputatı proporsional, 30-u isə majoritar sistemlə seçiləcək. Seçki bariyeri 1% olacaq.
Bundan başqa 40%-dən az səs alan siyasi qüvvə təkbaşına hökumət formalaşdıra bilməyəcək.