29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqu və Lavrovun Türkiyə səfərini MOSSAD ləğv etdi?

16.06.2020

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə səfərinin təxirə salınmasının arxasında yalnız İsrail dayanmır. Görüşün təxirə salınmasının müxtəlif səbəbləri var. MOSSAD nə qədər güclü bir təşkilat olsa da, rus xüsusi kəşfiyyat orqanları da regionda MOSSAD qədər aktivdir.

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə səfərinin təxirə salınmasını şərh edərkən deyib. O bildirib ki, İsrailin Yaxın Şərqdə baş verən istənilən siyasi prosesdə xüsusi marağı var:

"O cümlədən, buraya Liviya və Suriyada baş verənləri də daxil etmək olar. İsrailin məsələyə müdaxiləsi sezilməsə də, MOSSAD-ın bu proseslərdə fəal iştirakı bəllidir. Ümumilikdə bu təşkilat İsrail üçün həyati əhəmiyyətli məlumatlar əldə edir və regionda geniş bir informasiya agentura şəbəkəsinə sahibdir. Yəni İsrail məsələlərə Türkiyə, İran, Rusiya, ABŞ kimi hərbi yolla, siyasi ritorika ilə deyil, "kölgə müdaxilə”lər ilə qarışır”.

Politoloq qeyd edib ki, bu gün İsraili regionda başlıca narahat edən məqamlar Türkiyənin Suriya, Liviya və Şərqi Aralıq dənizində günü-gündən artan qüdrəti və Rusiya ilə Türkiyə arasında olan münasibətlərdir:

"Onu deyim ki, son illər Rusiya-İsrail münasibətlərində yaxınlaşma hiss olunur. Bunun ən bariz nümunəsi İsrailin Baş naziri Binyamin Netanyahunun seçkilərində qələbə qazanaraq, daha 18 ay hakimiyyətdə qalmasıdır. Netenyahunun qələbə qazanmasında Rusiya faktorunu qeyd etmək lazımdır. Mövcud vəziyyəti analiz etdikdə görə bilərik ki, İsrail bütövlükdə regionda baş verən siyasi prosesləri dərindən və çox yaxşı izləyir. İsrail faktiki olaraq Türkiyənin Liviyada hakimiyyət uğrunda gedən müharibəni bitirməkdə qərarlı olduğunu yaxşı anlayır. Sərracın Liviyada Türkiyənin dəstəyi ilə Haftarı məğlub etməsi faktiki olaraq Ağ dənizdə güclü bir Liviya-Türkiyə ittifaqı deməkdir. Bu isə İsrailin maraqlaına uyğun deyil. Məhz bu səbəbdən deyə bilərik ki, bu gün Haftarı dəstəkləyən qüvvələrdən biri də İsraildir. İsrailin bu narahatlığını Rusiya da yaxşı bilir. Lakin düşünmürəm ki, rəsmi Moskva bu gün Türkiyə və İsrail arasında seçim etməli olsa, İsraili seçsin. Çünki hər iki ölkə region və Rusiya üçün önəmlidir. Digər tərəfdən, Rusiyanın regiondakı maraqları Türkiyə və İsraillə əməkdaşlığı zəruri edir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Lavrov və Müdafiə naziri Şoyqunun 14 iyunda Türkiyəyə səfəri təxirə salınıb. Türkiyə mediasında bu səfərin təxirə salınmasında MOSSAD-ın rolu olduğu barədə ehtimallar yayılıb.