09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Palçıq vulkanlarda 22 yeni seysmik stansiya qurulacaq

12.06.2020


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə "Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsinin icrasına başlayıb.

RSXM-in informasiya şöbəsindən verilən layihənin məqsədi Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi, seysmik tədqiqatların aparılması üçün istifadə olunacaq texnoparkın yenilənməsidir. Bu məqsədlə Azərbaycan ərazisində 22 yeni seysmik stansiya qurulacaq. Yeni seysmik stansiyalar Abşeron yarımadasına yaxın ərazilərdə yerləşən Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının aktivliyini izləməyə də imkan verəcək.

Layihə çərçivəsində Azərbaycan, ABŞ, Ukrayna, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Gürcüstandan 30-a yaxın seysmoloqun iştirakı ilə onlayn görüş keçirilib.

Görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, sistem administratoru Ruqiyyə Kərimova, Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmologiya Tədqiqat İnstitutları (İRİS) Stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, TA meneceri Bob Basbi, GSN Proqram Meneceri Katrin Hafner, Stansiya mütəxəssisi Jeremy Mayner, Ölçmə Xidmətləri Direktoru OBSIP Layihə Meneceri Robert Vudvord, layihə müdiri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri Departamentinin professoru Kevin Makki, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze iştirak ediblər.

Qeyd edək ki, hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan başqa, "Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar bazalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində, ümumilikdə, 84 seysmik stansiya fəaliyyət göstərəcək. RSXM-də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.