04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentə yazırlar: Qayğınız nəticəsində problemlə üzləşmədik

10.06.2020

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Dövran Media Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.

Cəlilabad rayonunun Kazımabad kəndindən Allahşükür Cabbarov, Rəsul Əliyev, Samir Qəribov, Kamran Məmmədov, Qoşqar Babayev, Mürsəl Muradov və Arif Əliyev yazırlar: "Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə qaytardıqdan sonra güzəranımız yaxşılaşmağa başladı. Min bir əziyyətlə olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi dolandırır, gələcəyə daha böyük ümidlə baxırdıq. İndi ölkəmizin imkanları genişləndiyindən və dövlət dəstəyi gücləndirildiyindən torpağa meyillilik də artıb. Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir. Bu il pandemiyanın və karantin rejiminin olması biz kəndliləri narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik. Çox sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən keçən çoxsaylı yük maşınlarının buraxılmasını təmin etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici bazarlara çıxararaq, itkisiz və heç bir əngəl olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi qorusun!”.

Bakının Xəzər rayonundan Xalidə Məmmədova: "Hörmətli cənab Prezident, mən Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirəm. Bir vətəndaşın normal yaşaması və cəmiyyətdə özünü ifadə etməsi üçün nə lazımdırsa, onu da edirsiniz. Xüsusilə qeyd etmək yerinə düşər ki, ölkəmizdə sabitliyi qoruyub saxlayırsınız. Bunun əhəmiyyəti çox böyükdür. Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və digərlərinə kömək göstərdiniz, maddi və ərzaq yardımları etdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi. Bütün bunlara görə Sizə böyük təşəkkür düşür, cənab Prezident. Allah Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət qismət eləsin!”.

Tərtər rayonundan Rafiq Səfərov, Məhərrəm Rəhimov, Kəmalə Quliyeva, Elşən Səfərov və Nabat İbrahimova yazırlar: "Çox hörmətli cənab Prezident, Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk. Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir. Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayırıq”.

Bakı şəhərinin sakini Əli Quliyevin məktubunda deyilir: "Hörmətli cənab Prezident, "Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”. Bu sözlərin sahibi, Möhtərəm Prezident, bütün dünyanı öz ağuşuna alan, ciddi itkilərə səbəb olan COVID-19 pandemiyasından xalqımızı qoruduğunuz, bizdən yardım əlinizi heç çəkmədiyiniz üçün Sizə xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Sizin kimi müdrik siyasi xadim rəhbərlik edir. Xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atmağınız çox təqdirəlayiqdir. Rəhbərliyinizlə ölkəmizdə COVID-19 pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident! Allah Sizi qorusun!”.

Ağcabədi rayonundan Nabat Yusifova: "Möhtərəm cənab Prezident, mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm. Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan tələfatını gördükcə bu narahatlıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi tələfatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.

Şirvan şəhərindən Nərgiz Mehdiyeva: "Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən və hamını qorxu altında saxlayan koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyiniz altında aparılan mübarizə əlbəttə ki, bizi sevindirməyə bilməz. Məhz Sizin həyata keçirdiyiniz operativ tədbirlərin hesabınadır ki, ölkəmiz virusla mübarizəni arxada qoymaqdadır və bəzi yumşalma tədbirləri görülməkdədir. Əgər vaxtında Sizin tərəfinizdən lazımi tədbirlər görülməsəydi, biz də digər ölkələr kimi, pandemiyanın acı nəticələri ilə barışmalı olacaqdıq. Biz şirvanlılar qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz var. Ölkəmizdə elə bir sahə yoxdur ki, Sizin və Mehriban xanımın diqqətindən kənarda qalsın. Bütün bunlar isə gərgin əmək tələb edir. Buna görə, cənab Prezident, ilk növbədə, Sizə və elimizin, obamızın, millətimizin dəyərli xanımı Mehriban xanıma cansağlığı, xalqımızın gələcəyi naminə həyata keçirdiyiniz gərgin, məsuliyyətli və şərəfli işlərinizdə sonsuz uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, xalqımız daim Sizi dəstəkləyir və Sizin arxanızdadır. Allah Sizi və ailənizi qorusun!”.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən tələbə Cəmilə Abbaszadə: "Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz gənclər Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Ulu Tanrı Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun!”.

Bakının Xətai rayonundan Aliyə İmamquliyeva: "Hörmətli cənab Prezident, mən koronavirus pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, həmçinin tibbi maskanın taxılmaması üçün cərimələrin tətbiqinə görə Sizə minnətdarlıq edirəm. Hər bir vətəndaş bilir ki, tətbiq edilən qadağalar bizim sağlamlığımızın qorunması üçündür. Sizin tapşırıqlarınızı həyata keçirən polis, həkim və müəllimlərimizə də xüsusi təşəkkürlərimizi çatdırır, onlara "Çox sağ olun!" deyirik. Mən və ailəm Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir, Sizə olan sevgimizi bildiririk. Var olun, cənab Prezident!”.