20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dünya liderləri prezident İlham Əliyevi təbrik edir

26.05.2020

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Dövran Media məktubun mətnini təqdim edir:

Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.

Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.

***

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı

***

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkələrimizin COVID-19-la mübarizəni davam etdirdiyi, vətəndaşlarımızın həyatı və rifahı üçün onun mənfi nəticələrinin məhdudlaşdırılmasına çalışdığımız bir dönəmdə milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.

Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir.

Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbətdə buna bariz nümunədir.

Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz.

Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".